Misli Premyer Liqasında yeni mövsüm start götürəndən ardıcıl 4 tur rəqiblərinə uduzan “Kəpəz”, qeyri-qənaətbəxş oyuna görə baş məşqçi Adil Şükürovla yolları ayırdı. Yeni çalışdırıcı axtarışlarında olan rəhbərlik qısa müddət ərzində Azər Bağırovla anlaşdı.

2 illik müqavilə bağlayan 40 yaşlı məşqçi hamının dəstəyinə ümid edərək uğur qazanmaq istədiklərini deyir: “Doğrudan da “Kəpəz” üçün çox çətin dönəmdir. Mən də xoşbəxtəm ki, bu gün buradayam və çətin missiyanı üzərimə götürmüşəm. İnanıram ki, “Kəpəz” və “Kəpəz”sevərlər üçün hər şey yaxşı olacaq. Sadəcə, hamının dəstəyi, hamının birləşməyi, bir amal uğrunda mübarizə aparmaq lazımdır”.

Gənc mütəxəssis qarşılarına qoyduqları məqsədlərə də toxunub. Bağırov yaxşı kollektiv yaradaraq “sarı-göylər”i qara zolaqdan çıxarmaq istədiklərini ifadə edib: “İlkin vaxtda yaxşı kollektiv formalaşdırmalıyıq. O kollektiv ki, bizə xallar gətirəcək. Böyük “Kəpəz”in bünövrəsini qoymaq istəyirik. Premyer Liqada qalmaq haqqında danışmaq, futbolçuları narahat etmək istəmirik. Çünki psixoloji cəhətdən bunu demək heç də doğru deyil. İnanıram ki, “Kəpəz” elə bu il də yaxşı dönəmini yaşayacaq, yaxşı yerlər uğrunda oynayacağıq. Azarkeşlərimiz sevindirməliyik, onlara yaxşı futbol göstərməliyik və inanıram ki, onu da bu il edə biləcəyik”.

Bağırov transferlərlə bağlı da fikirlərini bölüşüb. Çalışdırıcı heyətə bir neçə oyunçu cəlb edəcəklərini söyləyib: “Bir neçə transferimiz olacaq. Bəzi mövqelər var ki, oradakı çatışmazlıqları sığortalamalıyıq. Və ən önəmlisi – komandada rəqabət olmalıdır. O rəqabəti meydançada bacardıqca daha da artırmalıyıq. Çalışacağıq ki, transferlər arasında yerli də, legioner də olsun. Hansı alınacaqsa, komandamızın gücünə-güc qatacaqsa, bizim xeyrimizə olacaq. 15 top buraxmışıq, qol epizodlarımız elə də çox deyil. Düşünürük ki, həm müdafiəni, həm  də yarımmüdafiəni daha da gücləndirək”.

BƏHRUZ MUSAYEV, GƏNCƏ

Shares: