“Araz-Naxçıvan” Misli Premyer Liqasında cari mövsümün ilk dövrəsini liderlər qrupunda başa vuracaq. Bu gün baş tutacaq oyunların nəticəsindən asılı olaraq, Elmar Baxşıyevin yetirmələri hətta 2-ci pillədə də qərarlaşa bilər, ən pis halda ilk “üçlük”də yer qaranti edilib.
Muxtar respublika təmsilçisi buna “Sabah”la oyundakı heç-heçədən sonra nail oldu. Masazırda qazanılan bir xal qonaqları məmnun etməlidir. Çünki nəticə əsas rəqiblərdən biri ilə aradakı məsafəni saxlamağa da imkan verdi. Məğlubiyyətsiz oyunlar seriyasının davamı komandanın iddiasını davam etdirmək baxımından çox önəmlidir. “Sabah” isə müdafiədəki uşaq səhvlərini və xüsusilə ev oyunlarındakı büdrəmələri tərgitməsə, avrokuboklara vəsiqə uğrunda mübarizədə vəziyyətini pisləşdirə bilər.
İddialılardan ikisinin büdrəməsi “Şamaxı”nın işinə yarayacaqdı. Amma bölgə təmsilçisi özü uduzmaqla yuxarı pillələrə yüksəlmək şansını əldən verdi. Məğlubiyyətsiz oyunlar seriyası qırılan Ayxan Abbasovun yetirmələri “Səbail”lə xal fərqinin 5-ə düşməsinə şərait yaratdı. Hakimin sarı vərəqələrlə gözünün odunu aldığı qonaqlar fasilədən sonra rəqibindən aşkar üstün oynasa da, 10 nəfərlə qaldıqdan sonra hər şey bitdi.
“Səbail” isə kritik matçda qalib gəlməklə dərin nəfəs aldı. Düzdür, komanda yenə autsayderlər qrupundadır. Amma indi ardıcıl məğlubiyyətlər bitib və əsas rəqiblərdən birinin uzağa qaçmasına imkan verilməyib. Bu nəticə qonşu “Neftçi” ilə növbəti tur qarşılaşmasından öncə əlavə motivasiya verməlidir.
Məhz dünənki qələbə sayəsində “Neftçi”ni ötən “dənizçilər” növbəti turda da qalib gəlsə, autsayderlər qrupundan xeyli uzaqlaşacaq. Çünki rəqib xalsız “Kəpəz”ə boyun əyəcək qədər aciz durumdadır. “Sumqayıt” bu gün xal qazana bilməsə, aşağı pillələrdə vəziyyət bir qədər də qarışacaq.
FƏRİD