“Neftçi” bu gün Azərbaycan Premyer Liqasının 11-ci turunda “Sabah”ın qonağı olub.
Futbolinfo.az xəbər verir ki, 0:0 hesabı ilə bitən matçdan sonra paytaxt klubunun baş məşqçisi Samir Abasovun mətbuat konfransı keçirilib. Abasov meydana qələbə üçün çıxdıqlarını bildirib:
“Meydana qələbə üçün çıxmışdıq. Artıq geriyə yolumuz yoxdur. Bundan sonra hər oyuna belə çıxacağıq. Komandam birinci hissədə daha yaxşı oynadı. Düzdür, bəzi epizodlarda çatışmayan cəhətlərimiz var idi. Sanki oyunçular son məqamlarda risk etmək istəmirdilər. Bunun da bundan əvvəlki qalibiyyətsizliklə bağlı olduğunu düşünürəm. Onlarla danışmışam, bu psixologiyanı beynimizdən çıxarmalıyıq. Udsaydıq, daha yaxşı olardı. Amma qazandığımız bir xala görə də oyunçularıma təşəkkür edirəm. İnanıram ki, bundan daha yaxşısını edə biləcəyik.
İndi elə durumdayıq ki, qarşıdakı 4 oyun deyil, bütün matçlara baxanda çətin vəziyyətdəyik. Heç bir halda xal itirmək istəmirik. Təsəvvür edin ki, siz qələbə qazanırsız və digər rəqiblər də üç xal qazanır. Belə olan halda, bu komandalara çata biləcəyik, yoxsa yox, bunu görəcəyik.
Emin Mahmudov digər oyunçular kimi önəmli futbolçudur. Hər şeydən əvvəl yerli futbolçudur. Məşqlərdə də görürəm ki, o, alışıb-yanır, meydanda nə istədiyimi bilir. Emindən həddindən artıq razıyam.
Bugünkü oyun bizim üçün çox vacib idi. Xal itirmək qorxusu var idi. Qələbələr gələcək və bu qalibiyyətsizlik psixologiyasından çıxacağıq. Zarafat deyil, komanda 9 oyundur qələbə qazanmırdı”.