“Neftçi”nin futbolçusu Ervin Koffinin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının son turunda “Sabah”la heç-heçə etdiniz. Nəticə sizi qane etdi?

– Birinci hissədə yaxşı oynadıq. Amma ikinci yarıda özümüzü kifayət qədər göstərə bilmədik. Hər oyunda qələbə qazanmaq istəyirik. Bizim üçün heç-heçə yaxşı nəticə sayılmır. Yavaş-yavaş daha yaxşı olacağıq.

– Samir Abasov gəldikdən sonra ilk oyunda qələbə qazandınız. Yeni baş məşqçi qısa zamanda nəyi dəyişdi?

– Komandanın fəlsəfəsi dəyişdi. O, hər oyunda bizim qalib gəlməyimizi istəyir və komandaya bu mentalitet aşılayır. Bizim yaxşı oynamağımızı tələb edir.

– Çempionata çox pis başladız. Roman Qriqorçukla nə alınmadı?

– Onun da oyun fəlsəfəsi pis deyildi. Amma fikrimcə, o qısa zamanda çox şeyi dəyişmək istədi. Bu da asan deyildi.

– Hazırda 9 xalınız var və 8-ci pillədəsiniz. İrəli getmək üçün nə lazımdır?

– Biz hər şey edəcəyik ki, yaxşı nəticələr qazanaq və vəziyyəti dəyişək. Fikrimcə, komandanın potensialı daha yaxşı şeylər etməyə, çox xal toplamağa imkan verir.

– Deyə bilərik ki, çempionluq artıq əldən gedib. Bəs, hədəf nədir?

– Hər oyunda meydanda bütün gücümüzü ortaya qoymalıyıq. Yavaş-yavaş hədəfə doğru irəliləyəcəyik. Biz ümidimizi üzməməliyik və sona qədər döyüşməliyik.

– Avrokuboklar zonasına düşməsəniz, bu, faciə sayıla bilər?

– Biz “Neftçi” olaraq hər mövsüm avrokuboklarda oynamağı haqq edirik. Amma çempionata çox pis başladıq. Hədəfimizə çatmaq üçün çox çalışmalıyıq. Necə olacağını görəcəyik.

– Növbəti matçda “Araz-Naxçıvan”la qarşılaşacaqsız. Bu oyunda qalib gələ biləcəksiz?

– Futbol elm deyil, əlbəttə ki, edə bilərik, amma bunu dəqiq bilmirik. İndi ən əsası irəli getmək və maksimum xalları almaqdır. Ümid edirəm ki, bu oyunda qalib gələcəyik.

ABBAS

Shares: