“Neftçi”nin yarımmüdafiəçisi Emil Səfərovun futbolinfo.az saytına müsahibəsi

– “Qarabağ”la oyunda ilk hissədə komandanız yaxşı təsir bağışlasa da, ikinci hissədə sanki ruh düşkünlüyü yarandı. Səncə, bu, nədən qaynaqlandı?

– Oyununa yaxşı hazırlaşmışdıq və matç bizim üçün pis başlamadı. Başabaş oynasaq da, bir səhv hər şeyi dəyişdi. Futbolda belə hallar hamının başına gələ bilər.

– “Qarabağ” kimi güclü rəqiblərlə oynayanda hansı çətinliklərlə üzləşirsiniz?

– Bütün rəqiblərin zəif və güclü tərəfləri olur. “Qarabağ” oyununda epizodlarımız olsa da, istifadə edə bilmədik. Nəzərə alaq ki, “Qarabağ” güclü komandadı. Gərək şanslardan istifadə edəsən.

– Bu məğlubiyyətdən hansı dərsləri çıxarmalısınız?

– Baş məşqçimiz oyunu analiz edib, səhvlərimizi bizə deyəcək. Artıq qarşıdakı matçlara baxacağıq.

– Oyun zamanı hansı anlarda daha fərqli hərəkət edə biləcəyinizi düşündünüz?

– Oyunda baş məşqçinin tapşırıqlarını yerinə yetirməyə çalışdıq. Nə deyirdisə, elə də oynamağa çalışırdıq.

– Komanda daxilində qarşılıqlı anlaşma və motivasiya ikinci hissədə niyə zəiflədi?

– Hesabda geriyə düşəndə hər şey bir az fərqli olur. Amma motivasiyanın olmadığını deyə bilmərəm. Sadəcə, ardıcıl qollar buraxdıq və bu, oyunumuza təsir etdi.

– Məşqçinin taktikasına uyğunlaşmaq çətin idi, yoxsa “Qarabağ”ın oyun tərzi sizi buna məcbur etdi?

– Hər oyunun öz taktikası olur. “Qarabağ”ın gücünü bilirik. Samir Abasov hələ təzə gəlib. Vaxt keçdikcə daha yaxşı oyun göstərəcəyik.

– “Neftçi”nin bu mövsüm üçün hədəfləri nələrdir?

– Artıq çempionluqdan danışmaq real olmaz. Amma qarşıda kubok var və onu qazanmaq istəyirik. Avrokubok hədəfindən də vaz keçməmişik. Sona qədər gedəcəyik. Hələ heç nə bitməyib.

– Öz çıxışından razısanmı? Daha yaxşı oynamaq üçün ən çox nə üzərində işləyirsən?

– Son vaxtlar zədəm var idi və xəstələnmişdim. Bu səbəbdən bir az zəifləmişdim. Amma indi yavaş-yavaş formaya düşərək, öz üzərimdə işləyirəm. Oynadıqca daha da yaxşı olacam.

– Şəxsi karyeranı inkişaf etdirmək üçün hansı məqsədlərin, hədəflərin var?

– Hələlik bütün fikrim “Neftçi”dədir. Burada çempion olmaq, kuboklar qazanmaq istəyirəm. Əlbəttə ki, daha sonra Avropada çıxış etmək kimi bir fikrim var.

GÜNAY SÜLEYMANOVA

Shares: