“Ayın qolu layihəsində qalib seçildim. Mənə səs verənlərə təşəkkürümü bildirirəm. Məncə, düzgün qərar idi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında II Liqada “ayın qolu” layihəsinin qalibi seçilən Cavid İmamverdiyev deyib.

İmamverdiyev bundan sonra azı 5 il daha oynaya biləcəyini söyləyib: “Vurulan digər qollar da qəşəng idi, lakin mənim qolum fərqlənirdi. Topun mənə gəlişində sadəcə, bir variant var idi və mən də onu etdim. Şükür ki, çox gözəl nəticə ilə yekunlaşdı. Qollar və asistlər, hansı liqada oynamasından asılı olmayaraq, futbol üçün can atan hər kəsin motivasiyanı daha da artırır. Bundan sonra da nə qədər gedəcəksə oynamaq istəyirəm. Çünki hələ ki, pis təsir bağışlamıram. Hətta azı daha 5 il oynaya bilərəm. Amma təbii ki, söhbət I və Il Liqalardan gedir. Elita haqda isə ümumiyyətlə düşünmürəm”.

Yarımmüdafiəçi “Hypers Guba”da baş verən baş məşqçi istefası haqda da fikirlərini bölüşüb: “İstənilən halda klubdan məşqçi gedəndə bu, komandaya təsir edir. Amma biz peşəkarıq, önümüzə baxırıq. Zaur Hidayətova öz minnətdarlığımı bildirirəm. Qısa zaman ərzində də olsa, bir yerdə işləməyimiz bizim üçün böyük təcrübə oldu. Zaur müəllimə karyerasında uğurlar, öz komandamıza isə liqada yaxşı yerlərə qalxmağı arzuylayıram”.

GÜNAY SÜLEYMANOVA

Shares: