“Neftçi”nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuçun futbolinfo.az saytına müsahibəsi

– Söhbətə Misli Premyer Liqasının 15-ci turunda “Qarabağ”a 0:3 hesabı ilə uduzduğunuz oyundan başlayaq. Böyükhesablı yenilginin səbəbi nə idi?

– Əslində, “Qarabağ”la oyuna yaxşı başlamışdıq. Məşqçilər korpusu bizi bu görüşə çox yaxşı hazırlamışdı. Sadəcə, öz səhvimizə görə qol buraxdıq və bundan sonra matçın ssenarisi dəyişdi. Bu cür görüşlərdə hər səhv baha başa gəlir. “Qarabağ”a məğlubiyyəti artıq unutmuşuq. Diqqətimizi qarşıdakı matçlara yönəltməliyik.

– “Qarabağ”a məğlubiyyətdən sonra Azərbaycan Kubokunda “Difai”yə 6:0 hesabı ilə qalib gəldiniz. Bu görüşdə hesab arasındakı fərqin bu qədər böyük olacağını gözləyirdiniz?

– Rəqibi qiymətləndirməmək bizə baha başa gələ bilərdi. Baş məşqçimiz tapşırdı ki, maksimum konsentrasiyalı olmalı, rəqibə hörmətlə yanaşmalı və nizam-intizama fikir verməliyik. Əvvəldən sonadək matça nəzarət etdik və sonda layiqli qələbə qazanaraq növbəti mərhələyə adladıq.

– Azərbaycan Kubokunda növbəti rəqibiniz “Kəpəz” olacaq. Onları da üstələyərək yarımfinala adlamaq, ümumiyyətlə, kubokun qalibi olmaq şansınız nə qədərdir?

– Düzü, biz ancaq qarşıdakı oyun haqda düşünməyə üstünlük veririk. “Kəpəz”lə matç barədə vaxtı çatanda fikirləşəcəyik. Bizim üçün bütün oyunlar vacibdir, çünki biz “Neftçi”yik. Hazırkı vəziyyətdən tez bir zamanda çıxmalı və “Neftçi”ni zirvəyə qaytarmalıyıq.

– Bazar günü ölkə çempionatının hesabat turu çərçivəsində “Sumqayıt”ın qonağı olacaqsınız. Cəzalı duruma düşdüyünüz üçün bu görüşdə komandanıza kömək edə bilməyəcəksiniz. Matçdan gözləntiniz nədir?

– Bizi çətin səfər oyunu gözləyir. Vəziyyətimizin fərqindəyik, hər matça qələbə qazanmaq məqsədilə hazırlaşırıq. Amma futbol bəzən qəddar ola bilir və işlər gözlədiyin kimi getmir. Üzərimizdə səylə çalışmağa davam etməliyik. Əminəm ki, bu halda yaxşı nəticələr gələcək.

– “Neftçi”də əvvəlcə Roman Qriqorçukun rəhbərliyi altında oynadınız, hazırda isə Samir Abasovla çalışırsınız. Bu məşqçilər arasında nə kimi fərqləri qeyd edə bilərsiniz? Abasovla işləmək sizin üçün rahatdır?

– Hər məşqçinin öz iş metodu var. Samir Abasov komandaya tamamilə yeni enerji gətirdi. O, klubu tanıyır, çempionatı bilir və kubokları qazanmağın yoluna bələddir. Hazırda görülən işə, gedən prosesə inanmaq lazımdır. Bu halda nəticələr də gələcək. Əvvəldən zədələrlə bağlı böyük problemlərimiz var idi, indi də var. Ümid edirəm ki, tezliklə heyətin bütün üzvləri tam sağlam olacaq və “Neftçi”ni aid olduğu yerə qaytaracağıq.

– Cari mövsümdə “Neftçi”nin heyətində yeni istedad – Murad Məmmədov üzə çıxıb. Necə düşünürsünüz, o, yaxın gələcəkdə Azərbaycanın ən yaxşı futbolçularından biri olmağı bacaracaq?

– “Neftçi” hər kəs üçün ən yaxşı şəraitin yaradıldığı klubdur. Burada gənc futbolçular da daxil olmaqla, hər kəsin qayğısına qalırlar. Şadam ki, çoxlu istedadlı gənc futbolçularımız var. Murad fərqləndi və şansından istifadə etdi. Hər şeydən öncə o, yaxşı insandır. Futbolçu kimi də böyük potensialı var. Mən onun parlaq karyerasının olacağına inanıram. Murad buna layiqdir.

FƏRİD

Shares: