Azər Bağırov hər uğursuz oyundan sonra belə davranacaqsa, zamanla doğru sözünə də inanan olmayacaq. Hakimlərdən yerli-yersiz bu qədər şikayət etmək ona baş ucalığı gətirmir. 0:4 hesabı hakimlərin günahı deyil, publikaya xoş gələn açıqlama verməkdənsə, xal qazanmağın yollarını axtarmaq lazımdır.
“Kəpəz”in baş məşqçisinin uğurlu olmaqdan başqa yolu yoxdur. Onun gəlişindən sonra klub rəhbərliyi 7 transfer reallaşdırıb. Nəticələr yaxşılaşmırsa, günahkar komandanı formalaşdıra bilməyən baş məşqçidir. Ara-sıra qazanılan təsadüfi xallar xərclənən pulların qarşılığı deyil. Gəncəlilər “Səbail”i ötübsə, bu, Bağırovun uğuru deyil, “dənizçilər”in daha bərbad durumda olmasının nəticəsidir.
Ev oyunlarında qaçırılan şanslar “Kəpəz”in Premyer Liqadan düşmək ehtimalını gündəmdə saxlayır. Komanda Tovuzda oynasa da, ən azı Bakıdan gələn rəqiblər burada çətinlik çəkməlidir. Xal qazanmamaq olar, lakin bu qədər rahatlıqla yenilmək yolverilməzdir. Dünən “Zirə” rəqibinə kiçicik şans belə vermədi, qolları sıraladı və layiqli qələbə qazandı.
Ümumiyyətlə, “Zirə” məhsuldar oynayanda xal itirmir. Komandanın müdafiəsi etibarlıdır, ön xətt oyunçularında hər şey alınanda isə Rəşad Sadıqovun qayğısı olmur. Dünən “Kəpəz”ə hər zövqdə qol vuran qəsəbə təmsilçisi “Sabah”dan 3 xal uzaqlaşa bildi. Bu, avrokuboklara vəsiqə yolunda önəmli addım oldu. Ən azı qış fasiləsinə kimi mövqeyini qorumaq istəyən “qartallar” uğursuz seriyanı qırıb. Davamını gətirçək mümkün olsa, hətta 3-cü pilləyə də qalxmaq olar.
“Neftçi”nin vəziyyəti isə daha acınacaqlıdır. Samir Abasov xilaskar olmaq ümidi ilə qayıtdığı paytaxt klubunda ilk dönəmindəki nəticələri də unutduracaq. Bu dəfə ona çətin ki, uzun müddət səbr etsinlər, bəlkə də ən uğursuz məşqçilərdən biri kimi tezliklə qovuldu. Lakin Abasovu daha “Sumqayıt”da da gözləmirlər. İkinci dəfə “kimyaçılar”ı yarıyolda atıb gedən “qəhrəman”ın dünən aldığı məğlubiyyət keçmiş komandasının “təşəkkürü” idi.
Vaqif Cavadovla yeni nəfəs tapan “Sumqayıt” matç ərzində “Neftçi”yə göz açmağa imkan vermədi. Abasov heyətdən şikayətlənirsə, gərək xələfi dəsmal götürüb ağlasın. Amma Cavadov həvəslə işini görür, qələbələri sıralayır. Vaqif bəy karyerasının ilk ilində 7 oyuna “Neftçi”nin mövsüm ərzində topladığından bircə xal az toplayıb.
“Neftçi”nin ciddi problemləri var, klubda çox şey dəyişməlidir. Lakin bunları Abasovun dilə gətirməsi ən azı doğru deyil. O, dünən dediklərini komandanı qəbul edərkən və ya 1-2 matçdan sonra desəydi, hamı onu alqışlayardı. Vəziyyəti düzəltməyə gücü çatmayınca başqalarını baltalamaq özünüreklama, məsuliyyətdən boyun qaçırıb onu başqalarının boynuna yıxmağa hesablanıb. Futbolçuları günahlandırmaq onları komandaya gətirənləri hədəfə gətirmək deməkdir. Deməli, Samir bəy klub rəhbərliyini, elə onun özünü də “Neftçi”yə dəvət edənləri tənqid üçün nişan verir. Axı, Abasovu da, həmin futbolçuları da seçən eyni şəxslərdir.
Məşqçinin sözlərində həqiqət var, mətbuat üçün də, azarkeşlər üçün də qəhrəman kmi görünmək istəyir. Amma bu siyasət uzaq gedə bilməz, vəziyyət o qədər bərbaddırsa, komandanı qəbul etməməliydi, əvvəl-axır komandanıdüzəldən biri tapılacaqdı. Yox, niyyət qıış transferləri üçün şərait yaradılmağını istəməkdirsə, o başqa məsələ.
“Neftçi”nin heyəti pis komplektləşib, lakin kollektiv 10-cu yerdən çıxa bilməyəcək qədər bərbad deyil. Komandada sadəcə, məşqçi işi çatmır və Abasov ancaq deyinməklə məşğuldur. Bir gün Yuri Matiası günahkar sayır, ertəsi Emin Səfərovu. Halbuki əlində kifayət qədər alternativ ola-ola bu futbolçuları meydana buraxan da Sanir bəydir. Həm də fərdi səhvlər bəzən komandanın düzgün oynadılmamasından qaynaqlanır. Bəlkə Abasov hansısa futbolçunun “yanması” ilə nəticələnən məşqçi səhvlərini analiz etsin?!
“Neftçi” uduzur, Abasov bəhanə axtarır. Artıq anlayır k, bir də ona çempionluq hədiyyə edilməyəcək, bu qədər zəngin heyətlə “Şamaxı”nı uda bilməmək, “Sumqayıt”a uduzmaq sırf onun günahıdır. Su boğaza çıxanda isə…
ABBAS