“Şamaxı”da başverənlər təəssüf ki, acı nəticələrə gətirib çıxaracaq. Adil Nağıyev və Georgi Kantariyanın komandadan uzaqlaşdırılması sıradan məsələ üstündə reallaşmayıb.
Nağıyevin “Futbolinfo”ya açıqlamasında dedikləri inandırıcı deyil. Məşqdə dalaşmaq futbolda tez-tez rast gəlinən durumdur. Belə hallarda səbəbkarlar hansısa cəzaya məruz qalır, ən pis halda əvəzedici heyətə göndərilir. Məsələ oyunçularla müqavilələrin pozulmasına kimi böyüyübsə, deməli, danışılmış oyunlarla bağlı iddialar həqiqətə daha yaxındır.
Doğrudan da Kantarya ilə Nağıyevin qovulması bir-biri ilə dalaşmağa görə olmuşdusa, “Şamaxı”nın baş məşqçisi Ayxan Abbasov bunu dilə gətirərdi. Amma bölgə təmsilçisinin çalışdırıcısı dünən “Turan Tovuz”la baş tutan matçdan sonra təşkil olunan mətbuat konfransında digər variantı daha aktual edən açıqlama verdi: “Ayrılan futbolçular haqqında danışmaq istəmirəm. Bu gün bizimlə deyillər. Detallara aydınlıq gəldikdən sonra açıqlama veriləcək”.
Məşqçinin diplomatik cavabı, klubun dünən gecə ayrılıqları rəsmən elan edib səbəbi açıqlamaması ən pis ehtimalı ön plana çıxardır. Deməli, həm AFFA, həm də hüquq-mühafizə orqanlarında araşdırma başlayıb, prosesin gedişatına problem yaranmaması üçün hər şey gizli saxlanılır. Yəqin ki, bütün detallar incələndikdən sonra qərarlar veriləcək, nə baş verdiyi açıqlanacaq.
Əldə etdiyimiz bilgiyə görə, bu məsələdə təşəbbüskar klub özüdür. Güman ki, hansısa fakt ortaya çıxıb və “Şamaxı” rəhbərliyi ölçü götürülməsini lazım bilib. Bu, həm futbolda şəffaflığa xidmət, həm də klubun özünü qorumaq cəhdidir. İki futbolçunun daha çox qazanmaq hirsinin cəzasını klub çəkməməlidir. Həm də ona görə ki, Nağıyevlə Kantariyanın hərəkətləri birbaşa kluba ziyan vurub, nəticələrdə əksini tapıb.
Futbol camiəsində dolaşan şayiələrə inansaq, söhbət heç də bir oyundan getmir, cütlük 10-a yaxın matçın nəticəsinin manipuliyasiyasında rol oynayıb. Onların digər klublarda da kimlərləsə əlbir olub-olmadığı araşdırılmalıdır.
Təbii ki, fakt olmadan kimisə mühakimə etmək, günahlandırmaq doğru deyil. Nağıyevin açıqlamasını dərc etməklə hədəfdə olanların da mövqeyini işıqlandırmışıq. Lakin digər açıqlamalar, səbəb göstərilmədən verilən rəsmi qərarlar Adilin dedikləri ilə üst-üstə düşmür.
İstənilən halda, araşdırmanın yekununu gözləməkdə fayda var. Onsuz da bərbad durumda olan futbolumuz belə çirkinliklərdən təmizlənməsə, hansısa inkişafdan danışmaq faydasızdır.
FƏRİD
P.S.: Tezliklə başqa bir klubda hansısa futbolçu ilə müqaviləyə xitam verilməsi haqda xəbər oxusaz, təəccüblənməyin.