“Sumqayıt”ın yarımmüdafiəçisi Tresor Mossinin futbolinfo.az saytına müsahibəsi
– Misli Premyer Liqasının 16-cı turunda “Neftçi” üzərində qələbə qazandınız. Bu qalibiyyəti gözləyirdiz?
– Yaxşı oyun oldu və biz qələbə qazana bildik. 3 xalı aktivimizə yazdığımız üçün sevincliyik.
– Samir Abasovun gedişi ilə “Sumqayıt”da hər şey dəyişib. Komanda çox uğurlu dönəm keçirir. Bunun əsas səbəbi kimi baş məşqçi dəyişikliyinin olması ilə razılaşırsan?
– Əlbəttə, yeni məşqçi nəyisə dəyişib. Amma deyə bilərəm ki, biz çempionatın əvvəllərindən yaxşı formada idik. Sadəcə, şansımız yox idi. Hər məşqçinin öz baxış tərzi var. Yeni məşqçinin də oyun sistemini oyunçularının keyfiyyətlərinə görə tapmaq üçün öz yolu var.
– Aktivinizdə 19 xal var və 6-cı pillədəsiz. Qış fasiləsinə bir pillə yuxarıda yollana bilərsiz. Bu, mümkün görünür?
– Bəli, əlbəttə. Daha yüksək yerlərə də gedə bilərik, özümüzə inansaq, hər şey mümkündür. Çox çalışırıq, məşqçilərimizin dediklərinə qulaq asırıq, bunu edə bilərik.
– Növbəti oyununuz “Qarabağ”a qarşıdır. Onlardan xal almaq mümkün görünür? Nəzərə alaq ki, “Qarabağ” bu tur xal itirdi və liderliyi əldən verdi. Sizə daha çətin olmayacaq?
– “Qarabağ”la oyunda da nəsə edə bilərik, bu futboldur, bir saniyədə dəyişir. Biz hazırıq. Qələbə qazana bilərik, qol vura bilərik – hər şey mümkündür. Sadəcə, məşqçinin bizə nə deyəcəyinə qulaq asmaq lazımdır.
– “Sabah”ın “Qarabağ”dan xal aldığını düşünsək, daha yaxşı formada və əhval-ruhiyyədə olan “Sumqayıt” da bunu bacara bilər. Bir xal sizin üçün qalibiyyətə bərabər sayıla bilər?
– Futbolda üç şey var: qələbələr, məğlubiyyətlər və bərabərliklər. Amma biz məğlubiyyət və ya heç-heçə üçün oynamırıq, üç xal qazanmaq üçün oynayırıq. “Qarabağ”la oyuna üç xal üçün gedəcəyik, biz bunu edə bilərik də.
– Mövsümün ilk yarısını özünüz üçün necə dəyərləndirirsən?
– Allaha şükür, mən sağlamam. Və çox çalışmağa davam edəcəm. Tam formada olmaq üçün çalışıram. Şəxsən özüm tam formada deyiləm, amma bunu aradan qaldırmaq üçün əlimdən gələni edirəm. Çempionatın ilk yarısı mənim üçün 100% yaxşı olmadı. Ümid edirəm ki, daha yaxşısı olacaq.
CAVAD