Misli Premyer Liqasının 16-cı turunda qapılara ümumilikdə 15 qol vuruldu. Bu isə orta hesabla hər oyuna 3 qol deməkdir. Turun cəmi 1 görüşündə qalib müəyyənləşmədi. Digər 4 matçdan ikisində qonaqlar, ikisində isə ev sahibləri qələbəni bayram etdilər.
Hüseynov da “Səbail”ə kömək edə bilmir
Cavid Hüseynovun gəlişindən sonra çempionatda keçirdiyi hər iki oyunda məğlubiyyətlə üzləşən “Səbail” tilsimi “Araz-Naxçıvan”la matçda qırmaq niyyətində idi. Ancaq cari mövsümdə uğurlu qrafik cızan Naxçıvan təmsilçisi də meydana konkret olaraq 3 xal üçün çıxmışdı. Təbii ki, qarşılaşmanın favoriti Elmar Baxşıyevin yetirmələri sayılırdı.
Əslində, “Səbail” oyuna pis başlamamışdı. Meydan sahibləri ilk dəqiqələrdə istəkli görünür, ardıcıl hücumlar qururdular. Lakin hücumların son nöqtəsini qoymaq mümkün olmurdu. Dəqiqələr keçdikcə “Araz-Naxçıvan” oyunu bərabərləşdirə bildi. İlk hissənin sonlarında təzyiqi artıran naxçıvanlılar “Səbail”dən fərqli olaraq, fasiləyədək istəklərinə çatdılar. Birinci hissənin əsas vaxtına əlavə olunmuş dəqiqələrdə qonaqlar penalti vurmaq hüququ qazandılar. Topa yaxınlaşan Ramon Maçado isə şansı boşa vermədi.
Fasilədən sonra da bir neçə dəqiqəlik “Səbail”in fəallığı müşahidə olunsa da, yenə ev sahiblərinin cəhdləri bəhrəsini vermədi. Əvəzində 56-cı dəqiqədə “Araz-Naxçıvan” ikinci qolu vurdu. Maçado bu dəfə assist müəllifi oldu. Məhz onun hava ötürməsini Bernardo Dias dəqiq baş zərbəsi ilə qola çevirdi.
Qələbə hesabını sonadək qoruyan “Araz-Naxçıvan” çempionatda ardıcıl 5-ci qalibiyyətini qazandı. “Qarabağ”ın xal itkisindən faydalanan Naxçvan təmsilçisi ilk pilləyə yüksəldi.
Məğlubiyyət üzü görməyən Berezutski
Vasili Berezutskinin gəlişindən sonra məğlubiyyət üzü görməyən “Sabah” “Qarabağ”la oyuna da uğurlu nəticəyə imza atmaq üçün çıxmışdı. Ev sahibləri çətin olsa da, bunun öhdəsindən gəlməyi bacardılar. “Sabah”ın heyətində matçın ən yaxşısı Yusif İmanov oldu. Qapıçı bir neçə dəfə komandasını real qoldan xilas etdi.
İmanovun ilk seyvi 10-cu dəqiqədə qeydə alındı. O, kornerdən sonra Leandro Andradenin başla zərbəsini dəf etdi. Birinci hissədə “Qarabağ”ın üstünlüyü hiss olunsa da, fasiləyədək hesab açılmadı.
İkinci yarı daha maraqlı mübarizə şəraitində keçdi. Əvvəlcə Leandro Andrade uzun reyd etdikdən sonra zəif və qeyri-dəqiq zərbə ilə öz əziyyətini yerə vurdu. “Sabah”ın cavab hücumu isə qolla nəticələndi. Daha doğrusu, meydan sahiblərinin yerinə yetirdikləri künc zərbəsindən sonra “Qarabağ”ın müdafiəçisi topu uzaqlaşdırsa da, Elvin Camalov başla onu əlverişli mövqedə dayanan Neqoş Kupusoviçə ötürdü. O isə topu saxlamadan uzaq küncə göndərdi – 1:0.
Hesabda geri düşdükdən sonra “Qarabağ” təzyiqi artırdı və üstünlüyü tam ələ keçirdi. “Sabah” rəqibin hücumları qarşısında çox tab gətirə bilmədi. 68-ci dəqiqədə qurulan baxımlı kombinasiya qolla nəticələndi. Hücumun yekununda Juninyonun ötürməsindən sonra Nəriman Axundzadə topu boş qapıya göndərdi.
“Qarabağ” qalan dəqiqələrdə bir neçə dəfə qələbə qolunu vurmağa yaxın oldu. Ancaq İmanovun inamlı çıxışı, qapı tiri və “Qarabağ”lı futbolçuların qeyri-dəqiqliyi “Sabah”ı məğlubiyyətdən xilas etdi. Beləliklə, Ağdam klubu xal itkisi ilə üzləşərək, “Araz-Naxçıvan”ın ilk pilləni ələ keçirməsinə şərait yaratdı. “Sabah” isə Berezutskinin rəhbərliyi altında məğlub olmamaqda davam edir.
“Kəpəz”i keçmiş futbolçuları cəzalandırdılar
“Kəpəz”in qonağı olan “Zirə” matçın favoriti sayılırdı. Bununla belə, “qartallar”ın səfərdən böyükhesablı qələbə ilə qayıdacağı ehtimal olunmurdu. Rəşad Sadıqovun komandası Tovuzda 4:0 hesablı qələbəyə sevindi. Maraqlıdır ki, matçda vurulan qollardan ikisinə “Kəpəz”in sabiq futbolçuları imza atdılar. Daha bir keçmiş “Kəpəz”li isə məhsuldar ötürmə ilə yadda qaldı.
Hesabı 32-ci dəqiqədə Salifu Suma açdı. O, ötən mövsümü Gəncə klubunda keçirmiş Junior Martinsin ötürməsini dəqiq zərbə ilə qola çevirdi. Fasiləyə az qalmış isə “Kəpəz”in digər sabiq üzvü Georgi Papunaşvili səhnəyə çıxdı. Sumanın zərbəsindən sonra meydan sahiblərinin qapıçısı topu tuta bilmədi, nəticədə qayıdan topu Papunaşvili yaxın məsafədən tora qovuşdurdu.
“Kəpəz”in fasilədə özünə gələcəyi gözlənilsə də, bu, baş vermədi. İlk hissədəki qolların şokundan ayıla bilməyən “sarı-göylər” ikinci hissənin startında da qapılarında qol gördülər. Bu dəfə İssa Cibrila cərimə meydançası həndəvərindən qarşısıalınmaz zərbə ilə adını tabloya yazdırdı.
Bundan sonra “Kəpəz”in bir neçə təhlükəli hücumu olsa da, gəncəlilər hesab arasındakı fərqi azalda bilmədilər. Əvəzində “Zirə” 4-cü qolu vuraraq, matçda yekun hesabı müəyyənləşdirdi. Görüşdə sonuncu qola Gəncə təmsilçisinin digər sabiq futbolçusu Elçin Əlicanov imza atdı. O, korner zamanı yaxın məsafədən topu qapıdan keçirdi. Beləliklə, “Zirə” Tovuz səfərindən asan qələbə ilə qayıtdı.
“Neftçi”nin “Sumqayıt” tilsimi 5-ə çatdı
Turun maraqlı oyunlarından biri Sumqayıtda keçirildi. “Neftçi”nin baş məşqçisi Samir Abasovun sabiq komandası ilə dueldən hansı nəticə ilə ayrılacağı maraq doğururdu. Təbii ki, bu məqam görüşün prinsipiallığını artırmışdı.
5-ci dəqiqədə qonaqlar hesabı açmağa yaxın oldular. Ancaq Ramil Şeydayevin yaxın məsafədən zərbəsindən sonra top toru kənardan silkələdi. “Neftçi”nin start təzyiqini yatıra bilən “Sumqayıt” ilk həmlədəcə hesabı açmağa müvəffəq oldu. 20-ci dəqiqədə Roi Kehatın ötürməsindən sonra Kamran Quliyev dəqiq zərbə ilə topu qapıdan keçirdi. Abasovun vaxtında ehtiyatda qalan, Vaqif Cavadovun gəlişindən sonra isə əsas heyət üzvünə çevrilən Quliyev fərqləndikdən sonra sevincini Cavadovu qucaqlamaqla da qeyd etdi.
“Neftçi”nn müdafiə xətti bərbad görünürdü. Qonaqların ifasında yanlış ötürmələr bir-birini əvəz etməkdə idi. Quliyevin qolu “ağ-qaralar”ın müdafiəçilərinə dərs olmamışdı. Növbəti kobud səhvdən sonra “Sumqayıt” az qala ikinci dəfə fərqlənəcəkdi. Di gəl ki, “Sumqayıt”lı futbolçunun zərbəsində dəqiqlik çatışmadı.
“Neftçİ”nin cavab hücumunda isə əvvəlcə Andrey Ştoqrin yaxın məsafədən topu möcüzəvi şəkildə qapıya göndərə bilmədi, hücumun davamında isə Rafael Quzzonun zərbəsi qapı tirinə tuş gəldi.
Fasiləyə az qalmış “Neftçi” ikinci şoku yaşadı. Cordan Rezabala uzaq məsafədən sol ayağı ilə baxımlı qola imza atdı. İlk hissəni hesabda öndə bitirən “Sumqayıt” fasilədən sonra da qələbə hesabını qoruya bildi. Düzdür, ikinci yarıda “Neftçi”nin təhlükəli hücumları oldu. Ancaq qonaqlar nəinki məğlubiyyətdən xilas ola, heç təsəlli qolunu da vura bilmədilər. Bununla da, “Neftçi”nin “Sumqayıt”a qalib gələ bilmədiyi ardıcıl oyunların sayı 5-ə çatdı. “Sumqayıt” isə Vaqif Cavadovun rəhbərliyi altında ümumilikdə 4-cü qələbəsini qazanmış oldu.
“Turan Tovuz”dan əzmkar qələbə
Turun ən maraqlı və bolqollu matçı Tovuzda yerli komanda ilə “Şamaxı” arasında keçirildi. Qonaqların çalışdırıcısı Ayxan Abbasovun cari mövsümədək 2 il “Turan Tovuz”u çalışdırması görüşün prinsipiallığını artırırdı. Tovuzlu azarkeşlərin Abbasovu rəqib qismində necə qarşılayacaqları da maraq doğururdu.
Oyunda ilk qol özünü çox gözlətmədi. 12-ci dəqiqədə Tovuz şəhər stadionu sükuta qərq oldu. Leroy Mikelsin sol cinahdan cərimə meydançası daxilinə ötürməsindən sonra sabiq “Turan Tovuz”lu Belajdi Pusi yaxın məsafədən toru silkələdi.
Cəmi 2 dəqiqə sonra “Şamaxı”nın kapitanı Səbayıl Bağırov yaxın məsafədən fərqlənə bilsəydi, bəlkə də, matçın taleyi həll edilmiş olacaqdı. Əvəzində meydan sahibləri 22-ci dəqiqədə tarazlığı bərpa edə bildilər. Kristian da Silvanın kornerdən havalandırdığı topu Emmanuel Hakman başla uzaq dirək istiqamətinə göndərdi, burada isə Roderik Miller sol ayağı ilə topu qapıdan keçirdi.
“Şamaxı” bu qoldan sonra ruhdan düşməyərək yenidən hücuma atıldı. Çox keçmədi ki, qonaqlar növbəti dəfə hücumda önə keçdilər. Bu qolun da vurulmasında Mikels yaxından iştirak etdi. Onun budəfəki ötürməsini Edqar Adilxanov dəqiq zərbə ilə tamamladı. Nəticədə ilk hissə Ayxan Abbasovun komandasının həm oyundakı, həm də hesabdakı üstünlüyü ilə nəticələndi.
İkinci hissənin əvvəllərində “Turan Tovuz” hesaba yenidən tarazlıq gətirməyi bacardı. “Şamaxı”nın cərimə meydançası daxilində Pusinin Millerə qarşı kobud oyunu hakimin diqqətindən yayınmadı. Təyin edilən penaltini isə Alexandro Serrano qola çevirdi.
Matçın son yarım saatı da maraqlı keçdi. Hesabı bərabərləşdirən “Turan Tovuz” qalan vaxtda təzyiqi bir qədər də artırdı. Ümumiyyətlə, ikinci hissəni tam olaraq Kurban Berdıyevin komandasının aktivinə yazmaq olar. Əvvəlcə Kristian da Silvanın zərbəsindən sonra dirək qonaqların köməyinə çatdı. Ardınca Aleks Souzanın zərbəsini “Şamaxı”nın qapıçısı dəf etdi. Qonaqların ifasında isə korner təhlükəli alınsa da, boş mövqedə qərarlaşan Səbayıl Bağırovun başla zərbəsi qeyri-dəqiq oldu.
Qələbə qolunu vurmaq istəyən “Turan Tovuz”da Otto Conun zərbəsini də rəqib qolkiper zərərsizləşdirdi. Ardınca isə Faiq Hacıyev əlinə düşən fürsəti dəyərləndirə bilmədi. 90+3-cü dəqiqədə “Şamaxı” böyük qüvvə ilə irəli atılan rəqibini az qala cəzalandıracaqdı. Pusi qapıçını aldadıb topu tora qovuşdursa da, hakim həmin epizodda ofsayd qeydə aldı.
Əvəzində 90+4-cü dəqiqədə meydan sahibləri qələbə qolunu vurmağa nail oldular. Uzun ötürmədən sonra rəqibin cərimə meydançası daxilində qərarlaşan Miller dəqiq zərbə ilə toru silkələdi və matçın qəhrəmanı oldu. Beləliklə, gərgin mübarizə şəraitində keçən qarşılaşmada “Turan Tovuz” əzmkar qələbə qazandı. Tur Samir Abasovun Sumqayıtı, Ayxan Abbasovun isə Tovuzu xalsız tərk etməsi ilə diqqət çəkdi.
ABBAS