Bu gün DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkü atılacaq. Qitənin digər ölkələri kimi, Azərbaycan futbol ictimaiyyətinin də bütün diqqəti bu püşkatmaya yönəlib.
Futbolinfo.az xəbər verir ki, geridə qalan UEFA Millətlər Liqasında İsveç və Slovakiya kimi güclü rəqiblərlə eyni qrupa düşən Azərbaycan millisi uğursuzluğa düçar oldu. Etiraf etmək lazımdır ki, bunda püşkün bəxtsizliyinin də müəyyən rolu oldu.
Təbii ki, heç kimi yığmanın eyni aqibəti yaşamasını arzulamaz. Əlbəttə ki, millimizin 4 deyil, 5 komandalı qrupa düşməsi daha yaxşı olar. Əks təqdirdə, qrupda bizdən zəifi olmaz və sonuncu pillədən qurtulmaq şansımız da azalar. Digər səbətlərdən gələcək rəqiblərin kimliyi də çox önəmlidir.
Məsələn, 1-ci səbətdə Avropa nəhəngləri yer alacaq ki, nisbətən İsveçrə, Danimarka və Avstriya arzuolunandır. Futbolunda eniş yaşayan İsveçrə isə bizim üçün ən münasibi olar.
2-ci səbətdə İsveç, Türkiyə, Uels kimi komandalarla heç kim qarşılaşmaq istəməz. Xüsusən də İsveç yığmasının gücünü Millətlər Liqasında gördük. Əslində, digərlərinin gücü bir-birinə yaxındır. Sadəcə, Rumıniya millisinin üzvləri əvvəlki illərlə müqayisədə artıq Avropanın aparıcı klublarında çıxış etmirlər.
3-cü səbətdə Şotlandiya ən arzuolunmaz komanda olar. Albaniya, Gürcüstan kimi yüksəlişdə olan millilər də başımızı çox ağrıdar. Bu səbətdəki yığmalar da aşağı-yuxarı bərabər səviyyədədirlər. İsrail, Monteneqro kimi komandalarla indiki durumda rəqabət aparmaq olar. Monteneqro millisinə Azərbaycan Premyer Liqasından 2-3 futbolçu çağırılırsa, deməli, bu komanda elə də əzəmətli deyil.
5 komandalı qrupa düşmək istənilən halda ən azı sonuncu olmamaq baxımından ümid verəcək. Amma 5-ci səbətdə də qarşılaşmaq istəməyəciyimiz milli var. Etiraf edək ki, moldovalılarla oyunumuz alınmır. San Marino adı isə 6 xal ümidi yaradır.
Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi gələn ilin martında start götürəcək.