“Qarabağ” bircə həftə zirvədən kənarda qaldı. Rəqibləri yenə bir-birini büdrətdi, ağdamlılar isə öz qələbəsini qazanıb hamıya yuxarıdan aşağı baxmağa davam edir.

“Sumqayıt”la dünən baş tutan turun bağlanış matçı “Qarabağ”ın avrokubokdakı zəif nəticələrinin cavabıdır. Rəqabətsiz çempionatdan çıxan komanda yalnız bu qədərini bacara bilərdi.

Misli Premyer Liqası ağdamlılar üçün məşq meydanına çevrilib. Bir-iki komanda bəzən müqavimət göstərir, intriqa yaratmağa cəhd edir. Ağdamlılar qitə kuboklarında oyunu olanda matçlara barmaqarası baxır, ciddi yanaşdıqda isə istənilən rəqibə istədiyi qədər qol vurur.

“Kimyaçılar” isə hətta məşq xarakterli qarşılaşmada da darmadağın oldu. Təsəvvür edin, Qurban Qurbanov aparıcı oyunçulara yenə istirahət verdi, Bədavi Hüseynov zədələnəndən sonra isə mərkəz müdafiəçisi olmadan komanda oynatdı. Cinah oyunçuları, yarımmüdafiəçilər heç bir problem yaşamadan matçı başa vurdu.

“Qarabağ”ın qollarına avrokubokda şans qazanmayan futbolçular imza atdı – heç bir əziyyət çəkmədən, istədikləri kimi davranaraq… Və bu qədər rahat oynayan, məşq edə-edə 5 qol vuran ağdamlıların “Tottenhem”i, Lion “Olimpik”ini, “Ayaks”ı udmasını istəyirik. Olmur, olmayacaq da. Hansısa nəhəngi büdrətmək olar, lakin bu, davamlı olmayacaq, illərlə “Bayer”lə matçları xatırlayacağıq.

Misli Premyer Liqasında rəqabət var. Amma bu, eynigüclü, orta səviyyəli komandaların rəqabətidir, səviyyənin yüksəlməsini istəyiriksə, “Qarabağ”larımız olmalıdır.

AĞA

Shares: