“Qarabağ”ın islandiyalı sabiq qapıçısı Hannes Halldorsson DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasını dəyərləndirib.

Futbolinfo.az xəbər verir ki, 2011-2021-ci illərdə İslandiya millisinin qapısını qoruyan 40 yaşlı keçmiş qolkiper yığmamızın da yer aldığı D qrupunda komandaların şansları barədə danışıb.

O, ölkəsinin mətbuatına açıqlamasında komandaların güclərinin bir-birinə yaxın olduğunu deyib: “Püşkün nəticəsi barədə indidən konkret fikir bildirmək çətindir. Dörd komandalı qrupu iştirakçıların hər biri üçün mənfi hal saymaq olar. O ki qaldı rəqiblərimizə, fikrimcə, güclü komandalarla qarşılaşacağıq. Ancaq məğlubedilməz də deyillər. Millətlər Liqasının Fransa – Xorvatiya cütünün qalibinin kimliyi, Ukrayna ilə səfər matçının haraya salınması, uzaq Azərbaycan səfəri kimi nüanslar var. Məncə, bu qrupda hər bir komanda ilk iki yerə iddia edə bilər”.

Qeyd edək ki, İslandiya yığması seçmə mərhələdə ilk oyununu sentyabrın 5-də Azərbaycan millisinə qarşı keçirəcək.

Shares: