“Şamaxı”nın hücumçusu Conatan Bentekenin futbolinfo.az saytına müsahibəsi

– Misli Premyer Liqasının 17-ci turunda “Səbail”lə evdə heç-heçə etdiniz. Matçla bağlı düşüncələriniz necədir?

– Qalib gəlmək istəyirdik. Sona qədər mübarizə apardıq. Amma vəziyyət çox pis idi, qarlı havada futbol oynamaq çətindir.

– Yəni qarlı hava nəticəyə təsir etdi?

– Şəxsən mən düşünürəm ki, bu cür vəziyyətdə futbol oynamazlar. Bu, şəxsi fikrimdir. Amma hakimlər deyir ki, əlimizdən gələni etdik. Normalda matç oynanılmamalı idi.

– Son matçlarda komandanız ümumiyyətlə yaxşı çıxış etmir…

– Bu barədə çox danışa bilmərəm. Çünki meydana çox çıxmıram. Son nəticələr haqqında danışmağım doğru olmaz. Amma istənilən halda bununla razılaşıram ki, problem var. Yoxsa, bu qədər matçı uduzmarıq. Nəticələrin necə olmasından asılı olmayaraq, daim motivasiyalıyam. Hər gün bacardıqca təkmilləşmək və komandama kömək etmək istəyirəm. Problemin həllini tapmalıyıq.

– Bəzi futbolçular komandanı tərk etdi. Onların göndərilməsi belə görüntü yaratdı ki, daxildə problemlər çoxdur…

– Bununla bağlı heç bir fikrim yoxdur. Onlar komandadan gedibsə, hansısa səbəbi var. Amma diqqətimizi ona yox, komandanın oyunlarına yönəltməliyik. Biz burda “Şamaxı”ya uğur qazandırmaq üçün varıq.

– Premyer Liqada qala biləcəksiz?

– Düşünürəm ki, bunun üçün mübarizə aparacağıq və istəyimizə nail olacağıq. Biz oynayacağıq və əlimizdən gələni edəcəyik. Futbolda hər şey mümkündür.

FƏRİD

Shares: