“Qarabağ”ın müdafiəçisi Abbas Hüseynov “Sumqayıt” üzərində qazanılan son qələbədən danışıb. O, futbolinfo.az saytına açıqlamasında 5:0 hüsabını özlərinin də gözləmədiklərini bildirib.
Cinah müdafiəçisi deyib: “Açığı, biz də belə hesab gözləmirdik. Rəqibi əks-hücumlarda yaxaladıq. Məşqçimiz bizə tapşırıqlar vermişdi, hər şey istədiyimiz kimi oldu. Erkən qol vuraraq, qələbə qazandıq”.
Abbas liderlik uğrunda əsas rəqiblərin “Sabah”, “Araz-Naxçıvan” və “Turan Tovuz” olacağını düşünür: “Hər biri çox yaxşı komandadır. Çempionatdakı ilk məğlubiyyət və heç-heçəni “Turan Tovuz”la etmişik. Eyni zamanda ötən tur “Sabah”a səfərdə qalb gələ bilmədik. Lakin biz təslim olacaq komanda deyilik. İnşallah, mövsümü çempion kimi başa vuracağıq. Bu həftə bizim üçün bir az dolu keçəcək. 2 gün sonra səfərdə “Şamaxı” ilə təxirə salınmış matç və həftəsonu isə “Araz-Naxçıvan”la qarşılaşmamız olacaq. Ümid edirəm ki, qələbə qazanaraq qış fasiləsinə lider kimi yollanarıq”.
Hüseynov ağır zədədən sonra özünə gəlməyə çalışır. Bu səbəbdən son vaxtlar daha çox oynamasına sevinir: “Zədə üzündən 14 aya yaxın oynamadım. Daha sonra məşqlərdə özümü yaxşı tərəfdən göstərdim və məşqçi mənə şans verdi. Şükürlər olsun ki, oyunlarım alındı. Ümid edirəm ki, heyətdə yerimi möhkəmləndirərəm. Daha sonra Avropadan yaxşı təklif almaq qismət olsa, orada çıxış edərəm. Lakin yenə də ilk öncə Qurban Qurbanovla məsləhətləşərəm”.
Abbas avrokuboklarda nəticələrin pisləşməsi fikri ilə razı deyil: “Keçən mövsümə nisbətən zəiflədiyimizi düşünmürəm. Avropa komandalarının üzvlərinin bizim haqda rəylərini çox oxumuşam. Demək olar ki, hər biri bizdən çəkinir, ehtiyat edirlər. Bizi özlərindən zəif görmürlər. Sadəcə, bizdə qol vurmaq alınmır. İnşallah, son 2 oyunda istəyimizə nail olarıq. Hər ikisindən də qələbə ilə ayrılacağımıza inanıram. Doğrusu, Avroliqa ilə milli çempionat arasında çox fərq var. Heç kimi aşağılamaq istəmərəm, mənə yaraşmaz. Lakin fərq çox böyükdür. Biz də istər-istəməz öz çempionatımızın tempinə öyrəşirik. Bu da Avropaya çıxanda bizə çətinlik yaradır”.
GÜNAY SÜLEYMANOVA