Məşhur olmaq hər adamın işi deyil. Təbii ki, sözün yaxşı mənasında məşhur olmaqdan gedir. Pis iş görüb tanınmaq da olar, amma bizim bu mövzuya toxunmaq fikrimiz yoxdur.
Yaxşı mənada cəmiyyətin və xalqın sevimlisi olmaq üçün isə çox əziyyət çəkmək lazımdır. Bu mənada ya idman və ya incəsənətdə ulduza çevrilməli, ya alim olmalı, ya da siyasətə atılmalısan. Əslində, siyasətə idman və ya elm yolu ilə də düşmək olar. Hüquqşünas, politoloq və alimlər bunu çox asanlıqla bacarır. İdmanda isə bunu etmək bir qədər çətindir. Hərçənd belə nümunələr yetərincə var. Xüsusən də müəyyən vaxtlarda futbolda buna şahidlik edirik.
Siyasətlə məşğul olan və ya sonradan vəzifə sahibi kimi tanınan çox futbolçular olub. Amma siyasətin ən pik mərhələsi prezident və ya baş nazir olmaqdır (ölkənin konstitusiyasına görə əksər dövlətlərdə ən çox səlahiyyətə sahib olan şəxs baş nazir olur). Bu mənada Liberiya prezidenti Corc Vea və yaxınlarda Gürcüstanda bu vəzifəyə sahib çıxan Mixail Kavelaşvilidən xüsusi danışmaq olar. O, Kavelaşvili ki, Nazim Süleymanov ilə bir yerdə, yəni “Spartak-Alaniya”da oynayıb.
Təbii ki, bu haqda geniş danışacağıq. Amma bu yazını yazmaqda məqsəd futbolçuların öz xalqı arasında böyük nüfuz qazanmasından gedir. Liberiyada da futbol o qədər inkişaf etməyib, amma onun nadir istedadı Avropaya üz tutaraq özünü orada yaxşı tərəfdən göstərə bilib.
Azərbaycanda bizim futbolçulardan umacağımız ancaq futboldur. Onların siyasətə qarışması bizə maraqlı deyil. Sadəcə, öz sahələrində nüfuz qazansınlar, kifayətdir. Necə ki, bəzi ölkələrdə futboldan başlayıb prezidentliyə qədər ucalanlar məhz topla sehrli rəfrarına görə bu səviyyəyə yüksəlib. Bu haqda danışdıqsa, gəlin tarixə ekskursiya edək.
“Monako”, PSJ və “Milan”dakı oyunları ilə məşhurlaşan və “Qızıl top” mükafatını qazanan yeganə afrikalı oyunçu olan Corc Veanı təqdim etməyə ehtiyac yoxdur. Onu qeyd edək ki, əfsanəvi futbolçu 2005-ci ildə Liberiya prezident seçkilərinə qatılsa da, qalib gələ bilmədi. 2017-ci ildə yenidən namizədliyini irəli sürən Vea bu dəfə xalqın etimadını qazandı.
Bəs, Mixail Kavelaşvili haradan hara və necə yüksəldi? Qısaca olaraq onun futbol və siyasət karyerasına nəzər salaq. Kavelaşvili 22 iyul 1971-ci ildə Gürcüstanda azərbaycanların çoxluq təşkil etdiyi Bolnisi şəhərində dünyaya göz açıb. O, futbol karyerasına Tbilisinin “Lokomotiv” klubunda başlayıb. 1988-1995-ci illərdə “Dinamo”da çıxış etməsi ona ucalıq gətirib. Paytaxt klubunda oynadığı müddətdə 132 oyunda 80 qol vuraraq komandasının uğurlarına töhfə verib. 1995-ci ildə Kavelaşvili Rusiyanın “Spartak-Vladikavkaz” klubuna transfer olub və burada 31 oyunda 12 qol vurub. Eyni ildə İngiltərənin “Mançester Siti” klubuna keçib və orada 1997-ci ilə qədər 28 oyun keçirib və 3 qolla yadda qalıb. Daha sonra İsveçrəyə yollanaraq “Qrasshoppers” (1997-1999, 59 oyun, 20 qol), “Sürix” (1999-2002, 81 oyun, 28 qol), “Lüstsern” (2002-2003, 25 oyun, 5 qol), “Syon” (2003-2004, 10 oyun, 6 qol), “Aarau” (2004-2005, 16 oyun, 8 qol) və “Bazel” (2005-2006, 14 oyun, 4 qol) klublarında top qovub. Mixail 1991-2002-ci illər arasında Gürcüstan yığmasında 46 oyunda 9 qol vurub.
Kavelaşvili futbol karyerasını 2006-cı ildə başa vurub. Butslarını mismardan asdıqdan sonra o, siyasətlə maraqlanmağa başlayıb. 2016-cı ildə Kavelaşvili “Gürcü Arzusu” partiyasının namizədi kimi Gürcüstan parlamentinin deputatı seçilib. 2024-cü ilin dekabrında keçirilən seçkilərdə isə Gürcüstanın 6-cı prezidenti seçilib.
Başqa nümunələrə keçməmişdən əvvəl onu da qeyd edək ki, həm Vea, həm də Kavelaşvilini bir cəhət də birləşdirir: hər ikisi “Mançester Siti”də oynayıb.
Əvvəlcə futbolçu olub sonradan prezidentliyə yüksələnlərdən biri də Əlcəzairin ilk prezidenti Ahmed Ben Balladır. O, 1963-cü ildə Əlcəzairin ilk prezidenti seçilib. “Əfqan millətinin atası” ləqəbli siyasətçi cəmi 2 il sonra ölkənin müdafiə naziri tərəfindən devrilib. 8 ay yeraltı həbsxanada, sonra isə 14 il ev dustaqlığında qalıb. Ben Balla1939-40-cı illərdə Marsel “Olimpik”ində 1 matçda – ölkə kubokunda “Antib”ə qarşı görüşdə meydana çıxsa da, qol vurmağı bacarıb. Klub rəhbərliyi ona peşəkar müqavilə təklif etsə də, mərkəz müdafiəçisi bundan imtina edib. O, həmçinin qısa müddətdə Əlcəzairin “İRB Maqniya” klubunda oynayıb.
Bu mənada təbii ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı da unuda bilmərik. Ərdoğan gənclik illərində yarıpeşəkar futbolçu olub. O, 1969-1982-ci illər arasında İstanbulun müxtəlif kiçik klublarında çıxış edib. Əsasən İstanbulda məhəlli klublardan biri olan “Kasımpaşa”ya bağlı olub. Peşəkar futbola keçməyə hazırlaşdığı dövrdə ailəsinin tələbi və siyasi maraqları səbəbindən bu sahədən uzaqlaşmaq məcburiyyətində qalıb. Onun futbol sevgisi bu günə qədər davam edir. Hətta Türkiyədə onun gənclikdə oynadığı stadiona “Recep Tayyip Erdoğan Stadyumu” adı verilib.
Məşhur futbolçular arasında prezidentliyə namizədliyini verib səs toplaya bilməyənlər də olub. Hətta bəziləri namizəd olmağa da cəhd edib. Hər ikisi haqda danışmalı olsaq, Paraqvaydan Xose Luis Çilaverti, Braziliyadan Romarionu, Fransadan Erik Kantona ilə David Jinolanı və İspaniyadan Andoni Subizarettanı unuda bilmərik.
Bir sözlə, futbol təkcə populyarlıq üçün yox, həm də siyasət üçün tramplin olur. Amma bunun üçün də gərək təkcə futbolçu yox, həm də vətəndaş olasan.
“Spartak-Alaniya”da Süleymanov – Kavelaşvili işbirliyi
* “Spartak-Alaniya”nın (hazırkı “Alaniya”) çempion olduğu 1995-ci il mövsümündə. Süleymanov 1991-ci ildən orada idi, Kavelaşvili bir mövsümlük icarəyə gəlmişdi.
* “Alaniya”da hər ikisinin yanaşı oynadığı cəmi 7 matç var. Futbolçuların həmin vaxt aldığı zədələr də daha çoxuna mane olub.
6-cı tur. “Spartak” Moskva – “Spartak-Alaniya” 1:2
Kavelaşvili startda heyətdə başlayır, assist edir. Süleymanov 63-cü dəqiqədə onu əvəzləyir.
16-cı tur. “Spartak-Alaniya” – “Jemçujina” Soçi 5:0
Kavelaşvili startda başlayır, dubl edir. Süleymanov 56-cı dəqiqədə meydana çıxır.
23-cü tur. “Spartak-Alaniya” – “Krılya Sovetov” 1:1
Süleymanov – Kavelaşvili cütlüyü ilk “11-lik”də başlayır, Nazim 66-cı dəqiqədə qol vurur.
25-ci tur. “Rostselmaş” Rostov – “Spartak-Alaniya” 0:1
Süleymanov – Kavelaşvili cütlüyü yenə ilk “11-lik”də başlayır, Nazim 61-ci dəqiqədə qol vurur.
27-ci tur. “Rostselmaş” Rostov – “Spartak-Alaniya” 0:1
Süleymanov – Kavelaşvili cütlüyü yenidən ilk “11-lik”də başlayır, amma bu dəfə Mixeil 88-ci dəqiqədə komandasının qolunu vurur.
28-ci tur. “Spartak-Alaniya” – “Dinamo-Qazovik” Tümen 4:0
Kavelaşvili start heyətdə başlayır, qol vurur. Süleymanov 64-cü dəqiqədə onu əvəzləyir.
29-cu tur. ÇSKA – “Spartak-Alaniya” 1:2
Kavelaşvili start heyətdə başlayır, Süleymanov 60-cı dəqiqədə onu əvəzləyir.
FƏRİD