“Çox çətin hava şəraitində futbol oynadıq. Şaxtanın olması qarı buza çevirmişdi və bu da bizə çətinlik yaradırdı”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında “Səbail”in qapıçısı Hüseynəli Quliyev deyib.

O, Misli Premyer Liqasının 17-ci turunda “Şamaxı” ilə heç-heçə etdikləri matçdan danışıb. Quliyev hava şəraitinin taktiki gedişləri həyata keçirməyə mane olduğunu bildirib: “Həftə ərzində işlədiyimiz taktiki gedişləri stadionun yaxşı vəziyyətdə olmamasına görə həyata keçirə bilmədik. Amma istənilən halda biz qol epizodları yaratdıq, lakin istifadə edə bilmədik. Mənim özüm də çətinlik yaranırdı. Çünki top üzərimə həmişəkindən fərqli şəkildə gəlirdi. Amma şükür ki, yaxşı bitirdik. Nəticəni də ədalətli saymaq olar”.

Qolkiper mövsümün ilk yarısının komandası üçün yaxşı keçmədiyini də sözlərinə əlavə edib: “Mövsümün ilk yarısı gözlədiyimiz kimi keçmədi. Göstərdiyimiz oyunla daha yaxşı yerlərdə ola bilmərdik. Amma hər zaman hər şey istədiyimiz kimi olmur. Buna baxmayaraq, mövsümün ikinci yarısında daha yaxşı futbol göstərəcəyik. Əlimizdən gələni edəcəyik ki, vəziyyəti düzəldək. Düşünürəm ki, oynadığımız futbolla turnir cədvəlindəki yerimiz tərsdir. Məqsədimiz son pillələrdən xilas olmaqdır”.

Quliyev qarşıdakı “Zirə” ilə matçdan da danışıb: “Rəqibimiz güclü təşkilatlanmış, həm müdafiə planında, həm hücum planında yaxşı oynayan “Zirə”di. Onlara qarşı oyunumuz çətin olacaq, amma hər oyun olduğu kimi meydana xal qazanmaq üçün çıxacağıq”.

Shares: