Bu gün Misli Premyer Liqasında 18-ci tur start götürəcək.
Futbolinfo.az xəbər verir ki, turun 5 oyunundan 4-ü yubileylə əlamətdar olacaq. Onlardan ikisi 10-cu, biri 20-ci, biri isə 30-cu duellə yadda qalacaq.
Qarşılaşmalar öncəsi cütlüklərin çempionat çərçivəsində bəzi maraqlı statistik göstəricilərini təqdim edirik:
– Turun açılış oyununda “Kəpəz”in qonağı olacaq “Sumqayıt” üçün bu rəqiblə səfər matçları düşərli olur. Təsadüfi deyil ki, “gənclik şəhəri” təmsilçisi son 6 səfər qarşılaşmasında gəncəlilərdən xal almağı bacarıb. 30-cu duel öncəsi “Kəpəz”in aktivində 29 top var. Adıçəkilən komanda bu gün fərqlənməyə müvəffəq olsa, “Sumqayıt”ı 30-cu görüşdə 30-cu dəfə mərkəzə dəvət edəcək. “Kimyaçılar” isə 3 qol vursalar, “Kəpəz”lə matçlardakı ümumi qol sayını 40-a çatdıracaqlar. Nəzərə almaq lazımdır ki, “Sumqayıt” son 8 oyunun hamısında rəqibi mərkəzə dəvət edə bilib.
– “Turan Tovuz”la “Neftçi” də yubiley matçına çıxacaq. Komandalar 10-cu dəfə üz-üzə gələcək. Tovuzlular yeganə qalibiyyətlərini ötən ilin mayında evdə qazanıblar. Həmin vaxtdan bəri baş tutan 5 duelin 3-də qələbə qazanan bakılılar 3 dəfə bərabərliklə kifayətlənib. Bölgə klubu son iki qarşılaşmada heç qol da vura bilməyib.
– Daha bir cütlükdə komandalardan biri digərini ciddi şəkildə üstələyir. Söhbət qəsəbə komandaları olan “Səbail”lə “Zirə”nin matçından gedir. “Zirə indiyə qədər 18 qalibiyyət sevinci yaşayıbsa, “Səbail” aktivində cəmi 4 qələbə olub. “ASCO Arena”dakı qarşılaşmada “Səbail”in vuracağı ilk qol “Zirə” önündə ümumilikdə 20-ci olacaq. Ancaq “Səbail” son 6 dueldə rəqibini üstələyə bilməyib.
– Yubileylə əlamətdar olacaq daha bir görüş Şamaxıda reallaşacaq. “Şamaxı” ilə “Sabah” çempionatda 20-ci dəfə qarşılaşacaq. Komandaların duellərində qələbə sayı bərabərdir – 6:6. “Şamaxı” cəmi 1 qolla rəqibindən öndədir – 21:20. Maraqlıdır ki, tərəflərin son 4 matçında meydan sahibi olan tərəf uduzmayıb. “Sabah” son 8 oyunun hamısında rəqib qapısına yol tapmağa müvəffəq olub.
– Premyer Liqanın liderləri “Qarabağ”la “Araz-Naxçıvan” çempionatda 10-cu matçlarına çıxacaqlar. “Qarabağ” bütün oyunlarda qol vurubsa, “Araz-Naxçıvan” səfərdə xal qazanmayıb. Ağdamlıların növbəti qolu tərəflərin duellərində 20-ci qolla yadda qalacaq.