“Kəpəz”i “Turan Tovuz”a dəyişən Orxan Əliyevin transferi hələ də rəsmən açıqlanmayıb. Gəncəlilərin baş məşqçisi Azər Bağırov hücumçunun daha yaxşı təklif aldığı üçün düşərgəni tərk etdiyini desə də, klubların heç biri vida və keçid haqda məlumat verməyib.
Futbolnfo.az saytının əldə etdiyiməlumata görə, bunun səbəbi hazırda tovuzluların düşərgəsində olan hücumçu üçün tələb olunan pulun ödənilməməsidir. “Kəpəz” mövsümün sonunadək müqaviləsi qalan Orxan üçün razılaşdırılan 50 min manatı aldıqdan sonra keçidə rəsmi icazə verəcək.
Rəhim Sadıxovun keçidi də eyni proosedur reallaşandan sonra açıqlanmışdı. Tovuzlular “Sumqayıt”ın prezidenti Riad Rəfiyevə tələb etdiyi 50 min dolları ödədikdən sonra “kimyaçılar” yarımmüdafiəçini buraxmağa razılaşdı.