“Turan Tovuz”un kapitanı Şəhriyar Əliyevin futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ikinci yarısına hazırlıq necə gedir?

– Bir neçə gündür ki, çempionatın ikinci yarısına hazırlığa başlamışıq. Hazırda Türkiyədə təlim-məşq toplanışımızı davam etdiririk. Məşqçilər fiziki durumumuzu yaxşılaşdırmağa çalışırlar. 12 günlük istirahət oldu. İstirahətimizi də aktiv şəkildə keçirdik, fərdi məşqlər etdik. Çalışacağıq ki, çempionatın ikinci yarısının startına qədər tam hazır olaq.

– Digər klublardan fərqli olaraq, “Turan Tovuz” mövsümün ikinci yarısına ölkə xaricində hazırlaşır. Bu sizə nə kimi üstünlük qazandıracaq?

– Düzdür, klublarımızın əksəriyyəti vaxt məhdudiyyətinə görə ölkə xaricinə təlim-məşq toplanışına getmədi. Amma biz mövsümün ikinci yarısına Türkiyədə hazırlaşırıq. Burada məşq etmək üçün şəraitin, meydançaların olması və hava şəraiti işimizi asanlaşdırır. Bütün bunlar fiziki və taktiki planda artırmağımıza imkan verir. Bakıda olanda, həqiqətən də, stadion amili problem yaradırdı. Meydança tapmaqda çətinlik çəkirdik.

– Çempionatın ikinci yarısında “Turan Tovuz”un hədəfi nə olacaq?

– Biz hər oyuna qələbə qazanmaq məqsədilə çıxırıq. Çünki rəqiblərlə aramızda xal fərqi azdır. Onlar da çempionatın ikinci yarısına yaxşı başlamaq istəyəcəklər. Bu isə o deməkdir ki, hər oyun bizim üçün xüsusi önəm kəsb edəcək. Allah nəsib edərsə, mövsümün sonunda avrokuboklara vəsiqə qazanmaq istəyirik.

– Rəhim Sadıxov, Orxan Əliyev və rusiyalı yarımmüdafiəçi Anton Kraçkovski komandanıza cəlb olunub. Yeni transferlər “Turan”a əlavə güc qata biləcəklər?

– Rəhim və Orxanla bir yerdə oynamışam. İkisi də təcrübəli futbolçudur. Antondan da gözləntimiz çoxdur. Düşünürəm ki, komandamıza çox kömək olacaqlar. Burada olan hər bir kəs “Turan Tovuz”a xeyir verməyə çalışacaq.

– Geridə qoyduğumuz 2024-cü ili şəxsi mənada özünüz üçün necə dəyərləndirirsiniz və 2025-ci ildən nə gözləyirsiniz?

– Allaha çox şükürlər olsun, 2024-cü il mənim üçün yaxşı keçdi. İnşallah, 2025-ci ildə daha yaxşı nəticələrimiz, uğurlarımız olar.

CAVAD

Shares: