Azərbaycan yığmasının sabiq futbolçusu Aslan Kərimovun futbolinfo.az saytına müsahibəsi
- DÇ-2026-nın seçmə mərhələsinin püşkatmasını yığmamız üçün necə dəyərləndirirsiniz?
- Rəqiblərimizi biləndən sonra yer baxımından hansısa məqsəd qoymaq mənasızdır. 4 komandalı qrupda səni istər-istəməz 2 güclü komanda gözləyir. Bu, Millətlər Liqası deyil. İstər Fransa, istərsə də Xorvatiya olsun, hər ikisi yüksək səviyyəli millidir. Ukrayna yığması da zəif deyil, Xorvatiya səviyyəsindədir. Bunlara nisbətən bir az İslandiya zəif rəqib sayılır, amma birmənalı şəkildə onlar da bizdən üstündürlər. Biz ancaq oyunumuzu yaxşılaşdırmaq baxımından düşünə bilərik. Bu qrupdan çıxacağımızı demək cəfəngiyyat olar.
- Yəqin ki, siz də Fransadansa Xorvatiyanın rəqib olmasını istərdiniz. Millimizin hazırkı vəziyyətini göz önünə gətirəndə istər-istəməz “Oser faciəsi” yada düşür. Bu mənada, Fransanın bizə rəqib olması arzuolunan deyil. Razısızmı?
- Fransa düşsə belə, düşünmürəm ki, yenidən o cür böyükhesablı məğlubiyyət qeydə alınsın. Təbii ki, Fransaya məğlub olmağımız normal sayılmalıdır. Çünki Avropanın ortabab çempionatlarında, məsələn, Portuqaliya, Nİderland və Belçikanın əsas liqalarında belə, oynayan futbolçumuz yoxdur. Bu halda biz Fransa və ya Xorvatiya ilə müqayisə oluna bilmərik. Buna görə də hansının bizə rəqib olmasının heç bir fərqi yoxdur. Bəlkə Xorvatiya bizə daha az qol vura bilər, ancaq bu, ümumilikdə heç nəyi dəyişməyəcək. Əgər bir qrupdan çıxmaq haqda düşünmək gücündə olsaydıq, onda seçim edərdim. Millətlər Liqası bizə göstərdi ki, hələ normal qrupda mübarizə aparmaq iqtidarında deyilik. Nə qədər acınacaqlı olsa da, bunu qəbul etməliyik.
- Millimiz bu seçmə mərhələni neçə xalla bitirə bilər?
- Qrupdan çıxa bilməyəcəyimiz o demək deyil ki, matçlara elə-belə çıxıb oynamalıyıq. Xeyr! Məqsədimiz xal toplamaqdan çox oyunumuzu yaxşılaşdırmaq olmalıdır. Təcrübə qazanmalı, bu oyunlarda gələcəyə investisiya etməli, gənclərə şans verməliyik. 5-10 ildən sonra da oynaya biləcək futbolçuları tədricən yığmaya cəlb etməli, nəsil dəyişikliyini reallaşdırmalıyıq. Yaşı 28-30 arasında olanlar hazırda Azərbaycanın ən yaxşı futbolçuları sayıla bilərlər. Ancaq uzunmüddətli düşünsək, 5-6 ildən sonra bu futbolçular fiziki baxımdan millidə oynamaq iqtidarında olmayacaqlar. Reallığı qəbul etməliyik ki, bu qrupdan çıxmaq şansımız olduqca aşağıdır. Bunu bilə-bilə xal dalınca qaçmalı deyilik. Bəlkə İslandiya ilə 2 oyundan birində yaxşı futbol göstərərək xal götürə bilərik. Amma yenə də qrup sonuncusu olacağımızı düşünürəm.
- Sizcə, seçmə mərhələdəki oyunlarımıza qədər millidə həll olunası əsas problemlər hansılardır?
- Əsas məqamlardan biri gələcəyə investisiya etməkdir. Dediyim kimi, potensialı olan gənc futbolçularımızı indidən milliyə dəvət etməliyik. Yığmaya düşə biləcək oyunçuların Azərbaycandan kənara çıxmasına çalışmalıyıq. Futbolçular da buna can atmalıdırlar. Yalnız bu halda nəyəsə nail ola bilərik. Hər zaman bizə Gürcüstanı, Albaniyanı nümunə gətirirlər. Bizim çempionatda sonuncu yerdə gedən komanda həm Gürcüstan, həm də Albaniya çempionatında ilk “üçlük”də yer alar, hətta çempion olmaq şansı da var. Bu ölkələrin daxili çempionatları yaxşı deyil. Onların uğurları milli üzvlərinin xarici ölkələrdə legioner həyatı yaşamasıdır. Məhz bunun hesabına o cür yığmalar yaxşı çıxış edə bilir. Gənc futbolçularımızı xaricə çıxartmalıyıq. Uzunmüddətli plan qursaq, akademiyamızın inkişafı, uşaq futboluna diqqətin artırılması labüddür. Qısa müddətə uğura nail olmaq üçün milli üzvləri Avropanın güclü liqalarında çıxış etməlidirlər.
FƏRİD