“Sabah” klubunun futbolçusu Tellur Mütəllimovun futbolinfo.az saytına müsahibəsi

– Çempionatın ikinci dövrəsini və 2024-cü ili məğlubiyyətlə bitirdiniz. Şamaxı səfərindən xalsız qayıdacağınızı gözləyirdiniz?

– Bizi çətin səfər oyununun gözlədiyini bilirdik. “Şamaxı” ilə matçlarımız, xüsusən də, səfər görüşlərimiz çətin keçir. Bu komanda I Liqaya düşənə qədər də çətinlik yaşadırdı, indi də elədir. Bəzi səhvlər buraxdıq və rəqib bundan yaxşı yararlandı. “Şamaxı” xüsusilə əks-hücumlarda çox təhlükəli idi. Bərabərlik qolunu vurduqdan sonra hesabda önə keçmək imkanlarımız da oldu, lakin dəyələndirə bilmədik. Təəssüf ki, ili qələbə ilə başa çatdırmaq alınmadı. İndi bizi qış fasiləsi gözləyir. Səhvlərimizi analiz etmək, onların üzərində işləmək üçün vaxtımız olacaq.

– Bunadək Vasili Berezutskinin rəhbərliyi altında məğlubiyyət üzü görməmişdiniz. Bəlkə rəqibin gücünü düzgün qiymətləndirmədiniz? Komandada bu matçdan öncə qələbə qazanacağınıza dair arxayınlıq var idi?

– Matça rahat çıxmamışdıq. Rəqibin gücünü qiymətləndirməməkdən söhbət gedə bilməz. Ən azı, bu komandanın cari mövsümdə qazandığı nəticələr göz önündədir. “Şamaxı” ilə ilk dövrədə baş tutmuş ev oyunumuz da çətin keçmişdi.

– Qış fasiləsinə 5-ci pillədə yollandınız. Bu nəticə sizi razı saldımı? Turnir cədvəlində daha yuxarı pillələrdə qərarlaşmağınıza nə mane oldu?

– Hazırda qərarlaşdığımız mövqe, əlbəttə, bizi razı sala bilməz. Komandamızın potensialı var. Biz daha yaxşısına nail ola bilərik. Hələ mövsümün yarısı geridə qalıb. İnanıram ki, ikinci yarıda çempionatın ilk hissəsində yol verdiyimiz səhvləri aradan qaldıraraq hədəflərimizə çatacağıq.

– “Sabah” 18 oyuna 27 qol vurub, bu baxımdan yalnız “Qarabağ” və “Zirə”dən geri qalırsınız. Əvəzində 24 qol buraxmısınız və bu göstəriciyə görə 5 komanda sizi üstələyir. “Sabah”ın xal itkilərinin əsas səbəbi müdafiədəki zəif çıxışı oldu?

– Futbol komanda oyunudur. Əgər hər hansı matçda istədiyimiz nəticə qeydə alınmayıbsa, bunun məsuliyyəti bütün komandanın üzərindədir. Əlbəttə, komandanın hücum xəttinin məhsuldar oyun nümayiş etdirməsi xoşdur. Amma hücumların qurulmasında və onların müsbət sonluqla nəticələnməsində hücumçularımızın keyfiyyətli çıxışı ilə yanaşı, digər mövqelər də rol oynayır. Bu baxımdan, qeydə alınan nəticələri sırf hansısa mövqe ilə əlaqələndirməzdim.

– Berezutski vaxtilə müdafiəçi olub. Onun gəlişindən sonra məşqlərdə düzgün müdafiə olunmağın üzərində daha çox işləyirsinizmi?

– Bəli. Baş məşqçimiz öz mövqeyinin ən yaxşı futbolçularından olub. O, çox zəngin karyeraya və təcrübəyə malikdir. Məşqlərdə də öz təcrübəsini daim bizimlə bölüşür. Amma bəzi şeyləri tam tətbiq etmək üçün vaxta ehtiyac var.

– Necə düşünürsünüz, qış fasiləsi “Sabah”ın xeyrinə olacaq, ya ziyanına? Komandanız baş məşqçisi və hazırkı heyəti ilə mövsümü neçənci pillədə bitirmək gücündədir?

– Fikrimcə, fasilə səhvləri aradan qaldırmaq baxımından ancaq xeyrimizə ola bilər. O ki qaldı mövsümü neçənci sırada bitirəcəyimizə, bunu çempionatın sonunda görəcəyik. Sadəcə, bayaq da qeyd etdiyim kimi, bizim komandanın yaxşı potensialı var və inanıram ki, mövsümün sonunda buna uyğun pillədə qərarlaşacağıq.

ABBAS

Shares: