“Neftçi”nin monteneqrolu yarımmüdafiəçisi Edvin Kuçun futbolinfo.az saytına müsahibəsi

– Mövsümün ikinci yarısına hazırlıq prosesi necə gedir? “Neftçi” sezonun qalan hissəsinə hazırdır?

– Hazırlıq prosesi əla gedir. Hər kəs mövsümün ikinci yarısına tam hazır olmaq üçün məşqlərdə çox çalışır. Əla şəraitimiz var. Qış fasiləsindən sonrakı ilk görüşümüzə hələ vaxt var. Komandada hər kəs maksimum səy göstərir. Ümid edirəm ki, ikinci yarının startında hamımız sağlam olacağıq, heç kim zədə problemi ilə üzləşməyəcək.

– Mark Tamaşla yollar ayrıldı, Kilan Lebonla da əməkdaşlığa son qoyulacağı haqda xəbərlər yayılıb…

– Bu barədə heç nə deyə bilmərəm. Çünki bu, ona qərar verən insanların işidir. Komandamızdan ayrılanlara ancaq uğurlar arzulaya bilərəm.

– “Neftçi”nin qışaqədərki çıxışı haqda nə deyə bilərsiniz? 18 tur ərzində cəmi 17 xal toplamağınızın səbəbi nədir?

– Təbii ki, klubumuzda heç kim bu nəticələrə sevinmir. Heç birimiz bunu gözləmirdik, amma futbolda bəzən belə şeylər də olur. Həmişə deyirəm ki, çətin vəziyyətlər güclü insanlar yaradır. Bu durumdan birlikdə çıxmalı və “Neftçi”ni layiq olduğu yerə qaldırmalıyıq.

– Qışaqədərki oyunlarınız arasında hansında daha çox üzülmüşdünüz və həmin qarşılaşmanı unuda bilmirsiniz?

– Düzünü desəm, uduzduğun hər oyun sənin üçün pis olur. Mövsüm mənim üçün çox ağır başladı, “Turan Tovuz”la ilk matçda zədə aldım. Sonra karyeramın ən pis oyunu olan “Araz-Naxçıvan”la görüşdə əlimdən zədələndim və əməliyyat olunmaq məcburiyyətində qaldım. Çətin dövr keçirirdim. Klubda çalışan bütün insanlara mənə dəstək olub kömək etdiklərinə görə təşəkkürümü bildirməliyəm. Onlar yaşıl meydanlara mümkün qədər tez qayıtmağım üçün əllərindən gələni etdilər.

– Qış fasiləsindən sonra çempionatda ilk sınağınız “Sabah”a qarşı olacaq. Mövsümün ikinci yarısına uğurlu start verə biləcəksiniz?

– Bizi çətin oyun gözləyir. “Sabah” yaxşı komandadır, heyətində fərdi cəhətdən güclü futbolçular var. Ancaq biz ev sahibi olacağıq. Odur ki, mövsümün ilk hissəsindən qat-qat yaxşı vəziyyətdə olduğumuzu göstərməliyik.

– Mövsümün ikinci hissəsində sizin üçün çempionat daha vacib olacaq, ya ölkə kuboku?

– İstər çempionat, istərsə də kubok vasitəsilə Avropaya vəsiqə verən yerlər uğrunda yarışda olmaq üçün sonadək çalışacağıq. Axıra qədər təslim olmayacağıq.

ABBAS

Shares: