Azərbaycan Basketbol Liqasında bu gün 10-cu turun daha üç oyunu keçiriləcək.
Futbolinfo.az xəbər verir ki, günün ilk qarşılaşması “Sərhədçi” İdman Mərkəzində “Sərhədçi” və NTD komandaları arasında baş tutacaq.
A qrupunun oyunu saat 12:30-da başlayacaq. “Sərhədçi” qrupda 13 xalla 4-cü pillədə qərarlaşıb. NTD isə 10 xalla sonuncu – altıncıdır.
Digər iki qarşılaşma isə B qrupunda baş tutacaq. “Lənkəran” evdə “Şəki”ni qəbul edəcək. Lənkəran Olimpiya İdman Kompleksində reallaşacaq görüşün start fiti saat 14:00-da səsləndiriləcək. “Sərhədçi” İdman Mərkəzində daha bir görüş “Ordu” və “Quba” komandaları arasında keçiriləcək. Matç 16:30-da başlayacaq.
B qrupunda 15 xalla “Ordu” liderlik edir. “Şəki” 14 xalla üçüncü pillədə qərarlaşıb. “Quba” dördünücü, “Lənkəran” isə beşincidir. Hər iki komandanın 11 xalı var.
10-cu turun daha əvvəl keçirilən görüşlərində “Abşeron” “Neftçi”yə 76:84 hesabı ilə məğlub olub, “Naxçıvan” isə “Sabah” üzərində qələbə qazanıb – 80:75.