“Juninyo son dərəcə sürətli və əla bitiricidir. Bu keyfiyyəti ilə Avropanın istənilən liqasına uyğunlaşa bilər”. Bu sözləri portuqaliyalı məşqçi Vitor Kampeluş “Qarabağ”ın futbolçusu Juninyonun “Sevilya”ya mümkün transferi ilə bağlı “Estadio Deportivo”ya açıqlamasında deyib.

Portuqaliyanın “Çavez” klubunda Juninyonun baş məşqçisi olmuş mütəxəssis qeyd edib ki, braziliyalı hücumçu “Sevilya”ya faydalı olar: “Bəzən oyunçular, bu və ya digər səbəbdən sonradan daha üstün oyun nümayiş etdirirlər. Juninyonun 28 yaşı var və o, indi daha yetkindir. “Sevilya” azarkeşlərinə çoxlu sevinc bəxş edə bilər. Juninyoda bütün məşqçilərin bəyəndiyi xüsusiyyətlər var. O, hücumun dərinliklərində çox güclü və sürətli olmaqla yanaşı, komanda oyununu da yaxşı bacarır”.

49 yaşlı mütəxəssis Juninyonun “Sevilya”ya tez uyğunlaşacağına inandığını bildirib: “Bizim yaxın münasibətimiz var. Bir neçə gün əvvəl danışdıq və o, etdiyimiz bir çox söhbətləri hələ də xatırladığını söylədi. Soyunub-geyinmə otağında sakitdir, adətən yaxşı əhval-ruhiyyədə olur. Həmişə pozitivdir və hamı ilə yaxşı münasibətdə olur”.

Juninyonun “Qarabağ”la müqaviləsi 2026-cı ilin iyununa qədərdir. 28 yaşlı hücumçu Ağdam klubuna 2023-cü ilin yayında “Çavez”dən transfer olunub.

Juninyo hər keçən gün “Sevilya”ya daha da yaxınlaşır. İspanlar “Qarabağ”ın ilk təklifi rədd etməsindən sonra məbləği artırıblar. Ağdamlılar hazırda 3 milyon + 500 min avroluq təklif üzərində düşünür. Futbolçu özü israrla getmə istəsə də, son qərarı “Qarabağ” verəcək.

Shares: