“Son vaxtlar adım “Neftçi” və “Traktor” klubları ilə hallanır. Amma bu xəbərlərin heç birindən məlumatım yoxdur. Hazırda bütün fikrim yalnız “Qarabağ” ilə bağlıdır”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Musa Qurbanlı deyib.

Ağdam klubunun hücumçusu son turda “Araz-Naxçıvan” üzərindəki 2:0 hesablı qələbəni də şərh edib: “Çətin oyun olacağını bilirdik, buna görə də ciddi hazırlaşmışdıq. Gözlədiyimiz kimi oldu. “Araz-Naxçıvan” çox yaxşı komandadır, ən əsası kompakt oynayaraq hücum etməyi də bacarırlar. İlk hissə bizim üçün çətin keçdi. Bəzən belə oyunlar olur. Hər matçda yüksək səviyyədə çıxış etmək çətindir – hətta ən böyük klublar üçün də. Bizim də çətinliklərimiz oldu, amma şükür ki, toparlanaraq qələbə qazandıq. İlk dövrəni lider kimi başa vurmaq bizim üçün çox önəmli idi. Bu, ikinci dövrə üçün də əlavə stimul yaratdı. Çempionluq yolunda bu qələbə çox vacib idi”.

22 yaşlı hücumçu Avropa Liqasındakı son oyunlarda qələbə qazanaraq azarkeşləri sevindirmək istədiklərini bildirib: “Qış fasiləsindən maksimum yararlanaraq həm avrokubok oyunlarına, həm də çempionatın ikinci yarısına yaxşı hazırlaşmalıyıq. Məşqlərdə bütün gücümüzü ortaya qoyacağıq ki, ikinci dövrəyə tam hazır olaq. Doğrudur, bu dəfə daha az vaxtımız var, amma bu müddəti yaxşı dəyərləndirərək səhvlərimizi düzəltməyə çalışacağıq. Avropa Liqasındakı son matçlarımızda maksimum nəticəyə köklənmişik. Ciddi və intizamlı hazırlaşıb qələbə üçün meydana çıxacağıq. İnşallah, qələbə qazanaraq azarkeşlərimizi sevindirərik”.

Musa həmçinin, millimizin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki rəqibləri haqda da fikirlərini bölüşüb: “Qrupumuzda güclü rəqiblər var. Onları maksimum dərəcədə təhlil edərək xallar qazanmağa çalışacağıq. Fransa və Xorvatiya ikilisindən biri ilə qarşılaşacağıq. Açığını desəm, Fransanın rəqibimiz olmasını daha çox istəyirəm, çünki daha maraqlı bir oyun bizi gözləyə bilər”.

Xatırladaq ki, “Yurqorden”dən qayıtdıqdan sonra zədə üzündən “Qarabağ”da özünü göstərə bilməyən Musa son turlarda sözünü deməyi bacardı.

GÜNAY SÜLEYMANOVA

Shares: