Əslində, AFFA-nın İnkişaf Strategiyasında nəzərdə tutulanlar Rövnəq Abdullayevin qurumun prezidenti olduğu zaman reallaşmalı və indi onun meyvələrini dərməli idik. Amma Abdullayevin özünü idarə edən Elşad Nəsirov – Elxan Məmmədov cütlüyünün şəxsi maraqlarını güdməsi səbəbindən 15-16 ili itirmişik. Həmin şəxslər milyonçu, futbolumuz dilənçi olub.

Assosiasiyanın yeni rəhbərliyi boşluqları doldurmaq, yeni təməl atmaq üçün qollarını çırmayıb. Lakin kağız üzərinə tökülən xəyalları gerçəyə çevirmək üçün işləmək lazımdır. Səriştəli insanlar işin başında dayanmalı, beyin mərkəzləri yaradılmalı və iş görülməlidir. Ən əsas məsələ layihənin icrasını, icrasına nəzarəti, tələb olunan vəsaitin ayrılmasını, həmin vəsaitin havaya sovrulmamasını təmin etməkdir.

Strategiyanın ictimai müzakirəyə verilməsi əladır. İndi ictimaiyyətin də borcu müzakirələrdə fəal iştirakdır ki, sonradan irad bildirilməsin. Nəsə düzgün deyilsə, indidən vurğulanmalı, yekun sənəddə əksini tapmalıdır. Sənədin İcraiyyə Komitəsində təsdiqinə kimi vaxt var.

AFFA İnkişaf Strategiyasında 5 hədəf müəyyən edib:

• Kişilərdən ibarət A milli komandanın FIFA reytinqində ən yaxşı 75, qadınlardan ibarət A milli komandanın isə ən yaxşı 50 komanda sırasına yüksəldilməsi bu strategiyanın uzunmüddətli hədəflərindəndir.

• UEFA-nın klub reytinqində (kişilər) ilk 20-yə, qadın komandaları üçün isə ilk 40-a daxil olmaq da uzunmüddətli hədəf olaraq nəzərdə tutulub.

• Avropanın aparıcı klublarının diqqətini cəlb edə biləcək istedadlı azərbaycanlı futbolçular və məşqçi heyətini yetişdirmək üçün Azərbaycan Respublikasının yeni, innovativ Futbolun İnkişafı Mərkəzinin yaradılması qərarı verilib.

• Kişilərdən və qadınlardan ibarət aşağı yaş qrupu üzrə milli komandaların Avropa çempionatlarının final mərhələlərinə mütəmadi vəsiqə qazanması üçün rəqabətqabiliyyətliliyini təmin etmək də layihədə var.

• Azərbaycanın peşəkar klublarının ümumi bazar dəyərini ikiqat artırmaq nəzərdə tutulub.

Layihəni oxuduqda görünür ki, avaz yaxşı gəlir. Ən çətini onu reallaşdırmaq, daha çətini işə hansısa nöqtədən başlamaqdır. Start uğurlu olsa, davamı gələcək. Təbii ki, burada ictimai nəzarət vacibdir. 2010-15-ci illər üçün qəbul olunan Dövlət Proqramı da əla idi, icrasına nəzarət olunmadı, yüzmilyonlar dağıdıldı, hər şey pul qazanmağa hesablandı və daha da geri düşdük, qayğıdan sui-istifadə edənlər fəsadların yaranmasına səbəbkar oldu.

İndi ən vacib məsələ İnkişaf Strategiyasını reallaşdırmaq üçün tələb ounan vəsaiti təmin etməkdir. Bu, ən birinci şərtdir, maliyyə olmasa, yazılanların heç bir mənası qalmır. Azərbaycan varlı ölkədir, amma həm əvvəlki AFFA rəhbərliyinin vaxtında yol verilənlər nöqsanların yaratdığı inamsızlığı, həm də Qarabağ daxil olmaqla vacib dövlət layihələrini unutmamalıyıq. İndiki məqamda futbol təsərrüfatının dirçəldilməsi üçün əlavə 600-700 milyon manatın qısa müddətdə ayrılacağını gözləmək sadəlövhlükdür. Həm işlər, həm də ayrılacaq vəsait mərhələlərə bölünməlidir.

Bəri başdan onu qeyd edək ki, İnkişaf Strategiyasında əsas götürülən 5 istiqaməti bir az dakonkretləşdirmək, redaktə etmək lazımdır. Məsələn, milli komandanın FIFA reytinqində ən yaxşı 75 komanda sırasına düşməsi bu boyda layihə üçün kiçik hədəfdir. Daha yaxşısına çalışmaq, ən azı ilk 50-liyi arzulamaq, ona yönəlik işləmək lazımdır.

Klub reytinqində ilk 20-liyə düşmək də yetərli deyil. Bunu az qala “Qarabağ” təkbaşına bacarır. Legioner limitini ləğv etmək ideyası ortaya atılıbsa, bunun faydalı olacağı iddia edilirsə, o zaman bu, nəticələrdə də özünü göstərməlidir. Legioner bolluğu qrup mərhələsinə 2-3 komandamızın düşməsin təmin etməlidir. Belədə ən azı 15-ci yerədək irəliləmək, qitə yarışlarında təmsilçilərimizin sayını çoxaltmaq vacibdir.

Təbii ki,strategiyada nəsərdə tutulan bütün işlərə başlanmalıdır, lakin infrastrukturun qurulması və ən vacib olan kadr hazırlığı önə çəkilməlidir. Həm də fəaliyyətdə paralellik vacibdir. Elə olmalıdır ki, finişə hamı eyni vaxtda çatsın, layihədə nəzərdə tutulanlar reallaşanda hazır kadrlar gələcəkdə daha yüksək hədəfə doğru irəliləməyə təkan versin.

(davamı olacaq)

VÜSAL MAHMUDOV

Shares: