(əvvəli bu linkdə)

İnkişaf Strategiyasında açıqlanan araşdırmalar da göstərir ki, illər boşa verilib, Elxan Məmmədovun dəstəsi yalnız öz imperiyasını böyüdüb. Elə bunun sayəsində o qədər güclü rıçaqlara malikdilər ki, indi həqiqətən iş görmək istəyənlərə də mane olur, müxtəlif əngəllər yaradırlar.

* Premyer Liqa, 1-ci Liqa və 2-ci Liqada mübarizə aparan 34 klubun yalnız 5-nin təlim-məşq bazası minimum standartlara cavab verir. Əksər klubların illər ərzində birbaşa Elxan Məmmədovun nəzarətində olduğunu nəzərə alsaq, sabiqlərin əməlləri bir daha ifşa olunur. Azsaylı müstəqil klublar müəyyən işlər görüb, qalanları isə milyonları dağıtmaqla məşğul olub.

* Ölkədəki 65 idman məktəbindən (UGİM) yalnız 5-nin futbol meydançası var. Bu fakt həm də Gənclər və İdman Nazirliyinin qüsurlarını üzə çıxarır. Sırf futbola görə milyonluq büdcə ilə təmin olunan qurumun illər ərzində nə iş gördüyünü sorğulamaq lazımdır. İnfrastuktur qurulmayıb, meydança olmadığından fəaliyyəti şübhə doğuran UGİM-lərə xərclənən maliyyənin istiqamətləri araşdırılmalıdır. Deməli, iş görülməyib, maaşlar verilib.

* AFFA başda olmaqla 30 il ərzində klubların böyük əksəriyyəti ölkədə futbolun inkişafı üçün heç nə etməyib. “Qarabağ”, “Qəbələ” kimi yaxşı mənada nümunə olan klublar var, qalanları isə nəzarətsizlikdən faydalanıb. Dövlət Proqramının müddəti bitən kimi futboldan əlini çəkən sponsorların öz pulunu deyil, dövlətin ayırdığı vəsaiti xərclədiyi bir daha təsdiqlənir. Və həmin maliyyə davamlı inkişafı təmin etməyib, müvəqqəti uğurlar üçün dağıdılıb. “Bakı”nın göydələnlərlə əvəzlənən möhtəşəm bazası kimi…

“McKinsey” və “Double Pass” şirkətləri tərəfindən göstərilən ixtisaslaşmış texniki-metodiki dəstək bütün istiqamətləri əhatə edir. Lakin işçi qrupda yerli mütəxəssislər daha çox təmsil olunsaydı, strategiyada boşluqlar daha az olardı. İndiki layihədə isə bölgələr sanki qismən unudulub, regional federasiyaların rolu lazımi qədər nəzərə alınmayıb. Halbuki AFFA məhz həmin federasiyaların assosiasiyasıdır, onların bugünədək tapdanmış rolu canlandırılmalıydı. Yekun sənəd üçün bu amilləri nəzərə almaq olar.

Təkliflərdən sonra təkmilləşdiriləcək yekun layihədə planın konkret müddəti də aydın şəkildə yazılmalıdır. İndiki sənəddə bir qədər natamamlıq var və daha çox təkliflər paketinə bənzəyir.

Strateji baxış, missiya, əsas hədəflər pis seçilməyb. Kütləvilik, təhsil, inkişaf, dayanıqlılıq, infrastruktur və dəstək uğura aparan yolun əsas strateji istiqamətləridir. Bunların hamısı xüsusi diqqət istəyir və heç birinə barmaqarası yanaşmaq olmaz. Əsas müddəalar bir-birini tamamlamalıdır. Lakin məsələn, kütləvilikdən danışırıqsa, Elxan Məmmədovun saxta siyahılarının oxşarı tərtib edilməməlidir. Sabiq baş katib Azərbaycanda futbolla məşğul olanların sayını kağız üzərində az qala yarım milyona çatdırmışdı, amma indi bəlli olur ki, klublar meydana buraxmaq üçün yetərli sayda oyunçu tapa bilmir və legioner limitinin ləğvini çıxış yolu kimi aktuallaşdırmaq lazım gəlir.

AFFA yeni strategiyada futbola marağın və kütləviliyin artması üçün bir sıra addımlar atmağı düşünür. Bu idman növündə son illər baş verənlər azarkeşləri küsdürüb, nəticəsizlik, “Səbail” kimi oyuncaq-klubların yaradılması ümumi inamsızlığa səbəb olub. İndiyədək bölgələrə diqqət ayrılmaması da xüsusi önəm daşıyıb. Və indiki assosiasiya rəhbərliyi geridönüş etməyə, sələflərinin səhvlərini düzəltməyə çalışır.

Layihədə nəzərdə tutulanlara əməl olunsa, mühüm işlər görmək olar. Mətbuatla kommunikasiyalı iş çox vacibdir. Ciddi işlər görülməli, təbliğ olunmalı, inam yaradılmalıdı. Azarkeşlər kifayət qədər sayıqdır, ağı qaradan seçə bilirlər. Görüntü xatirinə nələrsə etmək əks-effekt yaradacaq. Ona görə də strategiyanın bəndlərinə bir-bir əməl etmək gərəkdir. Və bu məsələdə klublarla birgə iş unudulmamalıdır.

Yeni dönəmdə regional federasiyaların işi canlandırılmalıdır. Futbolu Bakıya həbs etmək olmaz. Xüsusilə ənənəsi olan rayonlarda klubların yaradılmasına, yeni nəslin inkişafına nail olmaq şərtdir. AFFA Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi ilə əməkdaşlığı yaxşılaşdırmalı, yeniyetmə və gənclərin futbola cəlb olunmasında süni əngəllər aradan qalxmalıdır. Uşaqlar heç bir halda təhsildən kənar qalmamalıdır.

AFFA-nın kadr hazırlığına xüsusi diqqət göstərməsi vacibdir. İstər uşaq futbolunda, istər klublarda və yığmalarda, hətta futbolun idarə edilməsində sıradan insanlardan qurtulmağın zamanıdır. Yeni kadrlar yeni fikirlər, daha düzgün idarəetmə deməkdir və bu, inkişafa səbəb olacaq.

(davamı olacaq)

VÜSAL MAHMUDOV

Shares: