“Qarabağ” yeni transferlər üçün əməli fəaliyyətə keçib. Ağdamlılar hücumçu və mərkəz müdafiəçisi axtarır.

Futbolinfo.az xəbər verir ki, Juninyo üçün “Sevilya”dan 5 milyon avro tələb edən ölkə çempionu yəqin ki, yekunda onu buraxmağa məcbur olacaq. Futbolçu rəhbərlikdən satılmasını xahiş edib. İspaniya klubu hazırkı təklifini bir qədər yaxşılaşdırsa, tərəflərin razılığa gəlmək ehtimalı var.

Juninyonun satılması Albaniyaya qayıtmaq istəyən Redon Cicanın ən azı yayadək Azərbaycanda qalmasına səbəb olacaq. “Qarabağ” birdən-birə iki hücumçunu itirmək istəmir. Eyni zamanda daha bir forvardın keçidi üçün də qızğın danışıqlar gedir. Ağdamlılar təklif olunan variantlardan birini seçməyə çalışır.

“Qarabağ” müdafiənin mərkəzinə də yeni oyunçu axtarır. Bədavi Hüseynovun tez-tez zədələnməsi, Bəhlul Mustafazadənin həm sıralanan zədələri, həm də son vaxtlar çoxlu səhv etməsi məşqçiləri narahat edir. Kevin Medinanın da sıradan çıxması hazırda baş məşqçi Qurban Qurbanovu bu mövqedə cinah oyunçularını və yarımmüdafiəçiləri oynatmaq məcburiyyətində qoyub. Ona görə bu mövqeyə əcnəbi axtarışı davam edir.

“Qarabağ”ın müdafiəyə yerli oyunçu almaq ehtimalı da var. Arzulanan legioneri tapmaq mümkün olmasa, ağdamlılar “Sumqayıt”a üz tutacaq. “Kimyaçılar”ın və milli komandanın müdafiəçisi Elvin Bədəlovun çempiona qoşulmaq şansı yaranıb. Hələlik tərəflər arasında ilkin danışıq olub. Arzulanan əcnəbi müdafiəçi tapılmasa, Elvin “Qarabağ”a üz tutacaq. “Sumqayıt” müdafiəçisini satmağa razıdır.

c70edc14 2ba7 3799 9e2c de73e77df9c2 850 750x530 1 - Futbolinfo.az
Shares: