“Qarabağ”ın sabiq futbolçusu Muarem Muarem komandanın cari mövsüm Premyer Liqa və Avropa Liqasındakı nəticələrini dəyərləndirib.

Şimali makedoniyalı keçmiş yarımmüdafiəçi futbolinfo.az saytına açıqlamasında Ağdam təmsilçisinin cari mövsümü də Azərbaycan çempionu kimi başa vuracağına inandığını deyib: “Azərbaycan çempionatını hələ də müntəzəm izləyirəm. Xüsusən də “Qarabağ”ın oyunlarını diqqətdə saxlayıram. Bu mövsüm “Araz-Naxçıvan” və “Turan Tovuz” Ağdam klubu ilə rəqabət aparmağa çalışır. Ancaq “Qarabağ”ın əzəli rəqibi olan “Neftçi” olduqca uğursuz mövsüm keçirir. “Neftçi” çempionluq uğrunda mübarizədə yoxdursa, deməli, qızıl medalçı bəllidir. Güclü, iddialı komanda nə qədər çox olsa, Premyer Liqanızın səviyyəsi də bir o qədər yüksək olar”.

Muarem “Qarabağ”ın Avropa Liqasında istənilən nəticələri qazana bilməməsini yeni formatla əlaqələndirib: “Avrokuboklar bu mövsüm fərqli sistemlə keçirildiyindən, klubların bəziləri uyğunlaşmaqda çətinlik çəkirlər. Hər rəqiblə bir dəfə qarşılaşmaq asan deyil. Çünki çox vaxt rəqibi meydanda daha yaxşı tanıyırsan. Məncə, yeni sistem “Qarabağ” üçün də yaxşı təcrübə oldu. Gələn mövsüm onların avrokuboklarda daha yaxşı nəticələr qazanacağına şübhəm yoxdur. Cari mövsümdən isə son iki oyunları qalıb. Əminəm ki, Qurban Qurbanov kollektivi FCSB və “Olimpiakos”la matçlara ən yüksək səviyyədə hazırlaşdıracaq”.

Qeyd edək ki, Misli Premyer Liqasının ilk yarısından sonra ən yaxın izləyicisini 12 xal qabaqlayaraq turnir cədvəlinə başçılıq edən “Qarabağ” Avropa Liqasında keçirdiyi 6 oyunda ümumilikdə 3 xal toplayıb.

Shares: