Reqbi üzrə Şotlandiya millisinin keçmiş kapitanı Stüart Hoqq bir il ictimai iş və 600 funt sterlinq (732 dollar) məbləğində cərimə edilib. O, boşanma prosesində olduğu keçmiş həyat yoldaşı Gilliana qarşı nalayiq davranışda günahkar olduğunu etiraf edib.

Şotlandiyanın Selkirk şəhərində baş tutan məhkəmədən sonra valideynləri ilə birlikdə zalı tərk edərkən idmançı məsələylə bağlı şərh verməkdən imtina edib.

BBC-nin məlumatına görə, Hoqqun Fransa çempionatında çıxış edən hazırkı klubu “Monpelye” ictimaiyyətə açıqlama verməkdən çəkinib və onunla əməkdaşlığı davam etdirməyi planlaşdırır.

Şotlandiya millisinin tərkibində Hoqq 100 matç keçirib. O, üç dəfə “Britaniya və İrlandiya şirləri” turnirində iştirak edib və 2024-cü ilin əvvəlində Britaniya İmperiyası Ordeninə üzv seçilib.

Shares: