“Adımın bir neçə klubla birlikdə hallandığını mən də görürdüm. Bu, normaldır. Lakin müqavilə ilə “Sabah”a məxsusam və bütün fikrim hazırda komandamla birlikdədir”. Bu fikirləri futbolinfo.az saytına açıqlamasında Abdulla Rzayev bildirib.

Rzayev “Şamaxı” ilə keçirilən yoldaşlıq görüşü haqda da danışıb: “Qış fasiləsindən sonra belə yoldaşlıq oyunları keçirmək bizim üçün faydalıdır. Bu, çempionata daha yaxşı hazırlaşmağımıza kömək edir. “Şamaxı” ilə maraqlı 3 hissə oynadıq. Sona qədər mübarizə apardıq və istədiyimiz nəticəni əldə edərək 2:0 hesablı qələbə qazandıq. İnşallah, daha da yaxşı çıxış edərək turnir cədvəlində yuxarı pillələrdə yer almaq istəyirik. Məqsədimiz avrokuboklara vəsiqə qazanmaqdır. Bunun üçün əlimizdən gələni edirik. Qarşıda bizi “Neftçi” ilə çətin və maraqlı bir oyun gözləyir. Bu, Bakı derbisi hesab olunur. Əlimizdən gələni edəcəyik ki, qalib tərəf biz olaq”.

22 yaşlı müdafiəçi oyunlarda az iştirak etməsi ilə bağlı da fikirlərini bildirib: “Bəli, çox vaxt oyunlarda iştirak etmirəm. Ancaq bu barədə əlavə nəsə demək istəmirəm. Qərar baş məşqçiyə aiddir. Şans qazandıqca əlimdən gələnin ən yaxşısını etməyə çalışacağam”.

GÜNAY SÜLEYMANOVA

Shares: