Misli Premyer Liqasında qış fasiləsi başa çatır.
Futbolinfo.az saytının məlumatına görə, sabah ikinci yarı start götürəcək.
19-cu turda üz-üzə gələcək cütlərin ölkə çempionatları tarixindəki əvvəlki oyunlarının balansını təqdim edirik.
– “Qarabağ” son 7 oyunun hamısında “Şamaxı”ya qalib gəlib. “Şamaxı”nın qələbə həsrəti düz 21 oyundur. Ağdamlılar artıq 7 ildir ki, rəqibinə uduzmur. “Şamaxı” axırıncı dəfə rəqibini 2018-ci ilin mayında məyus edib. Tərəflərin 77-ci dulində “Qarabağ” ümumilikdə 40-cı qələbəsini qazana bilər.
– Liderlər qrupunda qərarlaşan “Zirə” ilə “Araz-Naxçıvan” Premyer Liqada 7-ci dəfə üz-üzə gələcək. “Zirə” buna qədər evdə keçirdiyi 3 matçın heç birində qol vura bilməyib. Maraqlıdır ki, 6 qarşılaşmanın son 5-də qonaqlar uduzmayıblar.
– “Sumqayıt” evdə qəbul edəcəyi “Səbail”lə matçların son 9-da qol vurmağa müvəffəq olub. “Səbail” isə 2023-cü ildən bəri baş tutan 6 görüşün hamısında rəqibinə məğlub olub. 29-cu duel öncəsi “Sumqayıt”ın aktivində 17, “Səbail”də isə 8 qalibiyyət var. “Kimyaçılar” qarşıdakı oyunda rəqibi iki dəfə mərkəzə dəvət etsə, “Səbail”ə vurduğu ümumi qol sayını 40-a çatdıracaq.
– “Turan Tovuz” rəqibi “Kəpəz” önündə böyük üstünlüyə malikdir. Tovuzluların 7 qələbəsinə gəncəlilər cəmi 2 qalibiyyətlə cavab verə bilib. Son 6 matçın hamısında qol vuran “Turan Tovuz” axırıncı 3 oyunda qələbə qazanıb.
– “Neftçi” ilə “Sabah” arasında 26-cı paytaxt derbisi reallaşacaq. “Neftçi”nin rəqib önündə üstünlüyü böyükdür. “Ağ-qaralar” 14-cü, rəqib isə 8-ci qalibiyyətinə çalışacaq. Ancaq digər tərəfdən “Sabah” son 6 görüşdə uduzmayıb. “Neftçi” 5 oyundur qol vura bilmir.
Qeyd edək ki, yanvarın 17-də “Qarabağ” – “Şamaxı”, 18-də “Zirə” – “Araz-Naxçıvan”, “Sumqayıt” – “Səbail”, 19-da isə “Neftçi” – “Sabah” və “Kəpəz” – “Turan Tovuz” oyunları keçiriləcək.