“Şamaxı”nın yeni transferi, braziliyalı hücumçu Mixael Tike Dias Santosun futbolinfo.az saytına müsahibəsi

– Yeni klubunuz “Şamaxı”ya gəlişiniz necə alındı?

– Mən menecerimlə və bəzi insanlarla Azərbaycanla bağlı danışmışdım və həmişə futbol, ölkə, insanlar və s. haqqında çox müsbət cavablar almışdım. Bura gəldiyimdə gözlədiyimdən də yaxşı oldu. Futbol var və komanda səviyyəlidir, hamı məni çox yaxşı qarşıladı.

– Azərbaycan sizə necə təsir bağışladı?

– Hələ ölkəni gəzmək imkanım olmayıb, amma komanda avtobusunun pəncərəsindən baxanda hər şey çox gözəl görünür. Mən burada xoşbəxtəm və ilk təəssüratım əladır.

– Burada çoxlu braziliyalı var…

– Bəli, elə mən “Şamaxı”ya transfer olunmamışdan öncə “Turan Tovuz”da oynayan Aleks Souza ilə danışmışdım.

– Onu çoxdan tanıyırsız?

– Bəli, biz Litvada “Heqelamnn” klubunda birlikdə oynamışıq. Çox yaxın dostuq.

– “Şamaxı” hazırda turnir cədvəlində 7-ci yerdədir. Təklifi qəbul edərkən komandanın vəziyyətinə baxdınızmı?

– Bəli, baxdığım ilk şey bu oldu. Daha sonra baş məşqçi Ayxan Abbasov barədə öyrənmək qərarına gəldim, hamı onun ən yaxşılardan biri olduğunu dedi. Dostum, Aleks onunla çalışıb və hər kəsin məşqçinin keyfiyyəti və dürüstlüyü ilə bağlı dediyi məlumatları təsdiqlədi.

– Azərbaycanda hədəfiniz nədir? Sizcə, Azərbaycanda özünüzü necə göstərə bilərsiniz?

– Mən iddialı insanam, məqsədlərim böyükdür. İndi diqqətimi futbol üslubuna, məşqçinin strategiyasına və komanda yoldaşlarıma mümkün qədər tez uyğunlaşdırmağa yönəltmişəm. Düşünürəm ki, bir hücumçunun dəyərini göstərməsinin ən yaxşı yolu qol vurmaqdır və özümü göstərmək üçün bunu etmək niyyətindəyəm.

– İlk rəsmi oyunun güclü “Qarabağ”a qarşı olacaq. Necə düşünürsən, xal ala bilərsiniz?

– Eşitdiyimə görə, onlar çox bacarıqlı komandadırlar. Məşqçinin onları təəccübləndirmək üçün izləyəcəyimiz bir oyun planı var və həqiqətən də bunun işləyəcəyinə inanıram.

FƏRİD

Shares: