“Şimal”dan gələn təklif haqqında pozitiv düşünməyimə səbəb orada rəhbər şəxslərdən birinin yaxın dostum olmasıdır. Uzun illərdir ki, dostluğumuz davam edir. Hazırkı hədəflərimiz I Liqa, daha sonra isə elitadır. İnanıram ki, mövsüm sonunda bunun öhdəsindən layiqincə gələcəyik”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Valeh Seyidov deyib.
Mövsümün sonuna kimi Xaçmaz təmsilçisi ilə müqavilə bağlayan hücumçu hər oyun fərqlənmək istədiyini bildirib: “Rəhbərlik onlara kömək edə biləcəyimə inanıb məni dəvət etdilər. Əslində, burada həm yuxarı liqaya qalxmaq üçün, həm də “Şimal”a bəslədiyim xoş münasibətdən dolayı belə bir addım atmalı olduğumu düşündüm. Nəzərə alsaq ki, mən də Şimal zonasındanam, bu klubu yuxarılarda görmək qürurverici olardı. Bunun üçün mənim də köməyim lazım olsa, çox sevinərdim. Əlimdən gəldikcə oyuna qatqımın çox olmasını və hər oyun fərqlənməyi hədəfləyirəm. Klubda yaşca və karyera baxımından məndən təcrübəli oyunçular var, təbii ki, orada kapitan olmayacam, verilən tapşırıqları layiqincə yerinə yetirməyə çalışıram”.
Seyidov futbola dönüşünə səbəb kimi atası Yaşar Seyidovun “Dinamo”ya rəhbərlik etməyə başlamasının rol oynadığını deyib: “İllər öncə xəyalım “Bakı” klubunu yuxarıya daşımaq və həmin komandanın aparıcı oyunçusuna çevrilmək olub. Sadəcə, komanda dağıldıqdan sonra belə bir xəyalım olmadı. Artıq illərdir ki, öz ixtisasım üzrə çalışıram və futbol karyeramla bağlı hər hansı hədəfim yoxdur. Zamanla bəlkə pozitiv nələrsə baş verə bilər, amma əsasən öz işimə köklənmişəm. Futbol artıq mənim üçün ikinci sıradadır. “Dinamo”nun iki mövsümdür sponsoru olmaması, yalnız AFFA-dan gələn maddi dəstək ilə ayaqda durması nəzərə alsaq, limitli maddi imkanlarla bizim yuxarı liqalara çıxmaq şansımız yox idi. Keçən il bu vəzifənin öhdəsindən gəldik və bu mövsüm 1-ci dövrədə yaxşı çıxış etdik. Demək olar ki, II Liqada yerimizi təmin etmişik. Ümud edirəm ki, mövsümü yaxşı şəkildə başa vurarlar”.
GÜNAY SÜLEYMANOVA