“Şamaxı”dan ayrılarkən hər hansı bir problem yaşamadım. Mənim üçün ən doğru qərar bu idi”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Qurban Səfərov bildirib.

Bir neçə gün əvvəl bölgə klubundan ayrılaraq “Qarabağ”a keçən 20 yaşlı yarımmüdafiəçi keçidinin gözlənilməz şəkildə baş verdiyini qeyd edib: “Keçən il “Şamaxı” ilə I Divizionda çempion olduq və bu mövsümdən Premyer Liqada mübarizəyə başladıq. Bu, həm mənim, həm də komanda üçün çox dəyərli təcrübə oldu. Fikrimcə, “Şamaxı”nı çətin vəziyyətdə qoymadan ayrıldım. Onlara gələcək oyunlarında uğurlar arzulayıram. Bu komandada maraqlı və yaddaqalan günlərim olub. Hazırda “Qarabağ”ın əvəzedici komandasında çıxış edirəm. Keçidim ani şəkildə baş verdi. I Liqa komandalarında çıxış etmək istəmədiyim üçün bu qərarı qəbul etdim və düşünürəm ki, ən məqsədəuyğunu da bu idi. Yeni komandama uyğunlaşmam isə gözlədiyimdən də yaxşı alındı, çünki burada bir çox futbolçu ilə əvvəldən tanış idim və aramızda yaxın münasibət var idi”.

Qurban “Qarabağ”da özünü təsdiq etməyə çalışdığını və bunun üçün çox çalışacağını bildirib: “Komandada harada oynayacağımı baş məşqçimiz müəyyənləşdirəcək. Onun qərarına tam hörmətlə yanaşıram. Hansı mövqedə oynamağı tapşırsalar, canla-başla mübarizə aparacağam. Hazırda əsas məqsədim “Qarabağ”da yaxşı nəticələr göstərməkdir”.

GÜNAY SÜLEYMANOVA

Shares: