AFFA İcraiyyə Komitəsinin (İK) 2025-ci ildəki ilk iclası yenə təxirə salınıb. Toplantının nə vaxt reallaşacağı bəlli deyil.

Futbolinfo.az xəbər verir ki, budəfəki yubanmanın səbəbi limitlə bağlıdır. Adətən İcraiyyə Komitəsində qəbul olunan qərarlar daha öncədən rəhbərlik səviyyəsində müzakirə olunur, qərar verilir və yığıncaqda rəsmiləşdirilir. İndi isə məhz bu baxımdan fikir ayrılıqları mövcuddur və yekdillik yoxdur.

AFFA-nın ictimai müzakirəyə təqdim etdiyi İnkişaf Strategiyası və s. məsələlərlə bağı hər hansı problem yoxdur. Amma legioner limitinin tamamilə ləğvi ideyası ilə bağlı fikir haçalanması, hətta qarşıdurma var. Mətbuatda mövqeyini bildirən əksər mütəxəssislər, məşqçilər, klub rəhbərləri limitin saxlanılmasının tərəfdarıdır. Yalnız 2-3 klub rəhbəri limitin ləğvini istəyir və qərarın qəbulu üçün israr edir. Bu səbəbdən ortaq məxrəcə gəlmək mümkün olmur və İcraiyyə Komitəsinin iclası yubanır.

Müzakirələr uzanarsa, ola bilsin, komitənin yeni ildəki ilk iclasında limit məsələsi müzakirə olunmasın. Digər qərarlar qəbul olunduqdan sonra İK-nın fevralda məhz limit məsələsi üçün yenidən bir araya gəlməsi mümkündür.

Shares: