AFFA Məşqçilər Komitəsinin üzvü Yaşar Vahabzadə legioner limitinin ləğv olunmasını doğru saymır. O, futbolinfo.az saytına saşıqlamasında bu barədə danışıb.
Sabiq müdafiəçi belə olan halda milli komandalarımıza zərbə dəyəcəyini düşünür: “Gəlin, özümüzə sual verək: biz limiti ləğv etməyə hazırıq? Məşqçilər Komitəsi olaraq hər şeyi təhlil etmişik. Limit olmasa, klublar 11 legionerlə meydana çıxacaq. Limit ləğv olunsaydı, biz indi Nəriman Axundzadə, Toral Bayramov və ya Elvin Cəfərquliyevi tapa bilməzdik. Limit olmasa, sən yerlini oynada bilməyəcəksən, sənə deyəcəklər ki, biz bu legionerə bu qədər pul vermişik, onu niyə kənarda saxlayırsan?! Yerli ilə legioner arasında rəqabətə baxmayacaqlar. Bizdə gənc yerli oyunçulara əsas komandada təcrübəli legionerlərlə eyni vaxtda meydana çıxıb nəsə təcrübə qazanmağa imkan yarartmaq lazımdır. Limit ləğv olunsa, milliyə oyunçu tapmaq olmayacaq. Limiti mərhələlərlə ləğv etmək lazımdır. Bu gün U-21-də çıxış edənlər klublarda əsas heyətdə çox vaxt keçirməyən futbolçulardır. Bu da sonda gənclərdən ibarət millimizin uğursuz çıxış etməsinə səbəb olur”.
Vahabzadə AFFA-nın ictimai müzakirəyə verdiyi İnkişaf Strategiyasına da toxunub: “Ümumiyyətlə, müəyyən planlar var ki, onlar mütləq həyata keçməlidir. Hər şeydən əvvəl uşaq futbolunda şəraiti düzəltmək lazımdır. Onların məşq etməyə meydançaları olmalıdır. Bir meydançada 3-5 komanda məşq edirsə, nədən danışmaq olar? Bizdə axı futbol olub. Bizim istedadlı uşaqlarla bağlı problemimiz yoxdur. Sadəcə, problemlər dərindir. Elə bilirsiniz ki, bizim uşaq məşqçilərinin hamısının öyrətmək qabiliyyəti var? Onlar uşaqlara nüfuz edə bilmir. Məşqi hamı keçir, amma futbolu uşaqlara öyrətmək lazımdır”.