Yaşar Vahabzadə Azərbaycan futbolunun qaymaqlarından biridir. Sovet futbol məktəbininin yetirməsi olan “Neftçi”nin sabiq futbolçusu milli komandada çox şans qazanmasa da, yerli çempionatda həmişə göz qabağında olub.

Yaşar Vahabzadə deyəndə həm də Sofiya “Lokomotiv”nin qapısına vurulan “Neftçi”nin qələbə qolu yada düşür. Müxtəlif yaşlardan ibarət millilərimizi çalışdıran təcrübəli mütəxəssislə görüşüb karyerasını vərəqləmək qərarına gəldik.

– Karyeranızın ən parlaq dövrlərini “Neftçi”də keçirmisiniz. Təbii ki, istedad öz yerində, amma bu komandada oynadığınıza görə kimə borclusunuz?

– Əslində, futbolda ilk addımlarımı məhəllədə oynamaqla atmışam. Sonra aşağı yaş qruplarından ibarət komandalarda və millilərdə çıxış etdim. Çox vaxt da özümdən böyüklərlə oynayırdım. Yeniyetmələrdən ibarət milli komanasa çıxış edərkən İran komandalarından birinə qarşı yoldaşlıq oyununda rəhmətlik Əli Əbilzadə məni sözün yaxşı mənasında “qaraladı”. Sonrakı təlim-məşq toplanışlarında da gözə girdim və məni “Avtomobilçi”yə cəlb etdilər. Sonradan bu komanda Mingəçevirə üz tutdu. Bir müddət sonra aşağı liqaların oyunçularından ibarət yığma düzəldib bizi “Neftçi”nin qarşısına çıxartdılar. Həmin yoldaşlıq görüşündə “Neftçi”nin yarıəsas, yarı ikinci komandasına 2:1 hesabı ilə qalib gəldik. Qolun birini rəhmətlik Qərhəman Əliyev, birini mən vurduq. Onda “Neftçi”nin baş məşqçisi Əhməd Ələsgərov idi. Bizim ikimizi  “Neftçi”yə dəvət etdilər. Qəhrəman təklifi qəbul etmədi, amma mən keçdim. Bir müddət əvəzedici komandada oynadım və ara-sıra əsas heyətə də yol tapırdım. Günlərin birində komanda Moskvaya getməli idi, amma mənim adımı siyahıya salmamışdılar. Mən bunu “Avtomobilçi”ni çalışdıran Valentin Xlıstova dedim. O, mənə Mingəçevirə qayıtmağı məsləhət gördü və məsələmi “Neftçi” rəhbərliyi ilə müzakirə edəcəyini söz verdi.  Bir müddət “Avtomobilçi”də oynadım. Həmin dövrlərdə də Kazbek Tuayev Lənkəranın “Xəzər” komandasını çalışdırırdı. O, məni komandasına dəvət edirdi. Amma onda məndə əsgərlik məsələsi var idi. Mingəçevir şəhərinin prokurorluğu səviyyəsində əsgərliyi elə Mingəçevirdə çəkməyimə şərait yaratdılar. Sonradan Tuayev “Neftçi”yə gəldi. Bizə teleqram göndərdilər və məni, Qəhrəmanı, Nazim Süleymanovu və Cəmaləddin Əliyevi təcili Bakıya çağırdılar. Təclii getməliyik, amma burada təyyarə yoxdur.  Getdik Yevlaxa, orada da bizi “kukuruznik”ə əyləşdirib Bakıya göndərdilər. Pilotu da qadın. Hətta qorxuya da düşdük. Bir sözlə, qoşulduq “Neftçi”yə. “Ağ-qaralar”la ilk təlim-məşq toplanışımız Soçidə baş tutdu. İlk hazırlıq oyunumuz “Jalgiris”ə qarşı idi. Əvvəlcə, əsas heyət oynamalı idi, sonra əvəzedicilər. Mən əsas heyətdə meydana çıxacağımı düşünürdüm, məni heç “dublyor”a da salmadılar. Onda Kazbek müəllimin yanında Ruslan Abdullayevlə Ağasəlim Mircavadov var idi. Mən Abdullayevi uşaq komandalarında oynadığım dövrdən tanıyırdım. Yaxınlaşıb onlara dərdimi dedim. Gülümsədilər və narahat olmamağı məsləhət gördülər. Məni ikinci hissədə meydana buraxdılar. 0:1 hesabı ilə geridə idik, qol vurub tarazlığı bərpa etdim. Oyun da 2:2 hesabı ilə başa çatdı. Sonra da Suxumiyə təlim-məşq toplanışına yollandıq. Orada da “Kayrat”la hazırlıq oyunu keçirəcəkdik. Məni əsas komanda ilə meydana buraxmaq imkanı yaradacaqdılar. Elə oldu ki, oyunun 10-cu dəqiqəsində Rəşid Özbəyov zədələndi. Məni sol cinah müdafiəçisi kimi döyüşə atdılar. Tiflisdə də “Dinamo” ilə yoldaşlıq görüşündə meydana çıxdım. Sonra Bakıya gəldik, çempionat başladı, Rəşid də sağaldı. Ara-sıra ehtiyatdan oyuna qoşulurdum. 1983-cü il idi artıq və mən 24 matçda meydana çıxdım.

yasar - Futbolinfo.az

– SSRİ çempionatında ən yadda qalan oyununuz hansı olub?

– İlk mövsümümdə qol vurmadım. Amma penalti qazandım. Növbəti mövsüm “Paxtakor”la bir oyunumuz var idi. Onların Konstantin Novikov adlı bir cinah oyunçusu var idi. Görüş boyunca buna qarşı oynadım. Matçın sonlarına bir qədər qalıb, gördüm ki, yox, qarşısını ala bilmirəm, Kazbek Əliyeviçə mesaj göndərdim ki, məni əvəzləsin, çatdırmaq mümkün deyil. Uşaqlar bunu ona dedi, gördüm ki, Tuayev coşdu. Oynamağa davam etdim, matçın sonlarına yaxın qol vurdum.

– Yaddaqalan oyundan söz düşmüşkən, Yaşar Vahabzadə deyəndə Sofiya “Lokomotiv”inin qapısına vurduğunuz qələbə qolu yada düşür. Həmin oyunu necə xatırlayırsınız?

–  Hə, elə onu da yada salacaqdım. O oyun elə bir zamanda idi ki, maaşlar gecikirdi. Hətta kollektiv daxilində belə bir söhbət də var idi ki, meydana çıxmayacağıq. Axır ki, oyundan bir az qabaq gətirib pulumuzu verdilər. Biz də meydana çıxdıq. Rəqib çox güclü komanda idi, birinci hissədə başımıza oyun açdılar. İkinci hissədə Vidadi Rzayev gözəl qolla hesabı bərabərləşdirdi. Oyunun sonlarında rəqib süni oyundankənar vəziyyəti yaratmaq istəyəndə, məni tələyə sala bilmədilər. Gördüm qapıçı qabaqda idi, məndə də güc qalmamışdı, topu götürüb getsəydim, çatacaqdılar, 36 yaşım var idi. Nəticədə aşırma zərbə ilə qol vurdum.

– Bəs niyə səfərdə 0:6 hesabı ilə darmadağın olundunuz?

142433299 3744118265678112 3467702674423561404 n - Futbolinfo.az

– Bakıdakı oyunda Rasim Abışov bunlara qarşı çox sərt oynadı. Oyun bitən kimi, bolqarlar ona yaxınlaşıb “sən Sofiyaya gələrsən” deyə hədələdilər. Nə isə Bolqarıstanda oyuna çıxmağa hazırlaşırıq, tuneldə gördüm ki, Rasimi sıxışdırırlar. Bir səs-küy qoparıblar ki, gəl-görəsən. Az qala Abışovu öldürəcəkdilər. Meydana çıxdıq, gördük ki, bunlar hakimi ələ alıb.Matçın 3, ya 5-ci dəqiqəsi idi, epizodların birində Rasim mübarizəyə girişdi. Hakim də oyunu saxlayaraq ona qırmızı vərəqə göstərdi. Bunu görən klubun rəhbəri Rasim Rəfiyev aşağı düşüb hakimə etiraz etdi, o da qırmızı vərəqə aldı. Sonra da uşaqlar arasında söhbət yayıldı ki, bir anda iki Rasimi cəzalandırdılar. Elə oldu ki, 10 nəfərlə mübarizə aparmaq çətin oldu.

– İndi oynasaydınız, millinin əsas üzvünə çevrilərdinizmi? Sizin vaxtınızda seçim çox idi, siz nadir hallarda şans qazanmısınız və 7 dəfə meydana çıxmısınız.

– Millinin ilk oyunlarında mənə dəvət göndərməmişdilər. Sonradan Fransa yığmasına qarşı Trabzonda keçirilən oyunda meydana çıxdım. O vaxt da komandamızın ən yaşlı üzvü mən idim. Bir neçə oyuna da dəvət aldım. Vallah, indiki dövr olsaydı, nə deyim… Bilirsiniz necədir, indiki dövrdə millidə lider yoxdur. Əvvəl Rəşad Sadıqov idi, liderə məxsus hər cür keyfiyyəti var idi. Bu dəqiqə belə bir oyunçu yoxdur. O vaxt uduzanda da vuruşurduq. Lider komanda yoldaşlarına ruh verməlidir. İndi bizim millinin belə oyunçulara ehtiyacı var.

– Bir müddət “Xəzər Sumqayıt”da oynamısınız. Bu “Sumqayıt”da o “Sumqayıt”n ruhu var?

– Dövrləri müqayisə etmək bir qədər çətindir. Mən müstəqilliyin ilk ilində, yəni birinci mövsümdə Sumqayıt “Xəzər”ində oynamışam. Həmin komandada mənimlə yanaşı, Bakıdan 3-4 uşaq var idi. Qalanı hamısı Sumqayıt uşaqları idi. Onda ilk mövsümdə Bakıda “Neftçi”yə 89-cu dəqiqədə penaltidən buraxdığımız qolla uduzduq, ikinci dövrədə Sumqayıtda onları 3:0 hesabı ilə üstələdik. O komandada biz döyüşürdük, sona qədər mübarizə aparırdıq. Həmin mövsümü ikinci sırada başa vurduq. Bir sözlə, o komanda Sumqayıt uşaqlarından qurulmuşdu. İndi isə heyətdə bu şəhərin 1-2 uşağını tapmaq olar.

– Hazırda və ya bir müddət əvvəl çıxış edən sizə oxşar müdafiəçilər kimlər olub?

– Yaxşı müdafiəçilər var, amma konkret kiminsə adını çəkə bilmərəm. Bəlkə də məndən yaxşıları var (gülür).

– Klub məşqçisi kimi özünüzü doğrultduğunuzu düşünürsünüzmü? Əsasən millinin aşağı yaş qruplarını çalışdırmısınız.

– Yox, klub məşqçisi kimi özümü doğrultmadım. Mən 17 il aşağı yaş qruplarından ibarət komandalarda çalışdım. Hərçənd “Neftçi”də köməkçi-məşqçi kimi çalışdığım dövrlər də olub. Amma mənim əsas işim millilərdə olub. Burada işləyib kluba köklənmək olmur. Əslində, belə vəziyyətə heyfslənmirəm. Millilərdə işləyərkən, “Neftçi”dən dəvət almışam, amma getməmişəm.

– “Kəpəz”dəki fəaliyyətinizi necə dəyərləndirərdiz?

yasar vahabzade - Futbolinfo.az
CREATOR: gd-jpeg v1.0 (using IJG JPEG v62), default quality

–  “Kəpəz”i demək olar ki, əsasən I Liqada oynayarkən çalışdırmışam. Aşağı divizionda da oynayanda bir az qeyri-sabitlik bizə mane olurdu. İlk dövrəni məğlubiyyətsiz bitirirdik, ikinci dövrədə problemlərlə üzləşirdik. Komandada bir az təcrübəsizlik var idi. Premyer Liqada da sabitlik problem oldu. Heyəti tam formalaşdırmaq üçün bizə vaxt lazım idi. Oyunçular bir-birini anlamalı idi. İş elə gətirdi ki, mən getdim, Tərlan Əhmədov gəldi. “Kəpəz” elə komandadır ki, azarkeşlər dərhal nəticə tələb edir. O vaxt elə bir dövr idi ki, bizim yalnız məşq formamız var idi, vəssəlam. Çox çətin dövr idi. Adicə indi “Zirə”də oynayan Junior Martinsi Litvadan Azərbaycana gətirmək üşün nə qədər əziyyət çəkdik. Onun bilet pulunu belə ödəyə bilmirdik. İş elə gətirdi ki, agenti bilet pulunu öz boynuna götürdü. Amma bir şərtlə ki, oyunçunu baxışda bəyənsəydik, bilet pulunu ödəyəcəkdik. Nə isə, bu minvalla onu bura gətirdik.  Amma braziliyalı futbolçunun klubu ilə 3 aylıq müqaviləsi var idi. Martinslə razılaşdıq, di gəl ki, klubu bizdən 10 min avro tələb etdi. Necə verək?  Alındıra bilmədik. Gözlədik, müqaviləsi başa çatdı, gəldi bura. Bax, belə problemlərlə üzləşmişdik.

– Təkliflərə açıqsınız?

– Gəlin, açıq danışaq da, bu gün Azərbaycanda yetərincə gənc və perspektivli məşqçilər var. Hazırda onların özlərini göstərmək vaxtıdır. Onlara tələbat da var. Fikrimcə, Avropadan bura gələn məşqçilərdənsə bizimkilərə şans yaratsalar, daha faydalı olar. Bizimkilər heç də onlardan geri qalmaz. Həmin şəraiti yerli məşqçilərə yaratmaq lazımdır.

– Elədirsə, niyə millimiz yerliyə yox, əcnəbiyə tapşırılır?

1513665766 yasar vahabzade - Futbolinfo.az

– Bu, çox qəliz sualdır. Bunu mən bilə bilmərəm. Bu rəhbərlik səviyyəsində həll olunan bir məsələdir.

– AFFA-nın 70 səhifəli yeni inkişaf strategiyasını oxumusunuz?

– Yox. Oxusam da, heç nə yadımda qalmaz. Ümumiyyətlə, müəyyən planlar var ki, onlar mütləq həyata keçməlidir. Hər şeydən əvvəl uşaq futbolunda şəraiti düzəltmək lazımdır. Onların məşq etməyə meydançaları olmalıdır. Bir meydançada 3-5 komanda məşq edirsə, nədən danışmaq olar? Bizdə axı futbol olub. Bizim istedadlı uşaqlarla bağlı problemimiz yoxdur. Sadəcə, problemlər dərindir. Elə bilirsiniz ki, bizim uşaq məşqçilərinin hamısının öyrətmək qabiliyyəti var? Onlar uşaqlara nüfuz edə bilmir. Məşqi hamı keçir, amma futbolu uşaqlara öyrətmək lazımdır. Biz aşağı yaş qruplarından ibarət millilərə düşən elə uşaqlar görmüşük ki, futbolun sirrlərinin onlara öyrətməyiblər. Futbolun tədris planı olmalıdır.

– Son vaxtlar limit məsələsi çox müzakirə olunur. Sizcə limit ləğv olunmalıdırmı?

– Gəlin, özümüzə sual verək: biz limiti ləğv etməyə hazırıq? Biz Məşqçilər Komitəsi olaraq hər şeyi təhlil etmişik. Limit olmasa, klublar 11 legionerlə meydana çıxacaq. Limit ləğv olunsaydı, biz indi Nəriman Axundzadə, Toral Bayramov və ya Elvin Cəfərquliyevi tapa bilməzdik. Limit olmasa, sən yerlini oynada bilməyəcəksən, sənə deyəcəklər ki, biz bu legionerə bu qədər pul vermişik, onu niyə kənarda saxlayırsan?! Yerli ilə legioner arasında rəqabətə baxmayacaqlar. Bizdə gənc yerli oyunçulara əsas komandada təcrübəli legionerlərlə eyni vaxtda meydana çıxıb nəsə təcrübə qazanmağa imkan yarartmaq lazımdır. Limit ləğv olunsa, milliyə oyunçu tapmaq olmayacaq. Limiti mərhələlərlə ləğv etmək lazımdır. Bu gün U-21-də çıxış edənlər klublarda əsas heyətdə çox vaxt keçirməyən futbolçulardır. Bu da sonda gənclərdən ibarət millimizin uğursuz çıxış etməsinə səbəb olur.

TAHİR MİRZƏ

45373afa 8f48 4a15 8ea3 00b344c393ab - Futbolinfo.az

Shares: