“Zirə” məğlub olsaydı, “Araz-Naxçıvan” fərqi artıracaq, bəlkə də əlçatmaza çevriləcəkdi. Amma qəsəbə təmsilçisi hətta xal bölgüsünə də razı olmadı. İndi onlar arasında xal fərqi 6-ya enib, üstəlik, “Qarabağ” əsas izləyicisindən 11 xal uzaqlaşıb.
Ötən ilin sonunda bir ara lider də olan naxçıvanlılar ardıcıl 3 oyundur uduzur. Əsas rəqiblərə məğlubiyyət komandanın 2-ci pilləyə tam layiq olmadığını göstərir. Hakimlərin sayəsində önəmli xallar qazanan komanda onlara nəzarət güclənən kimi ardıcıl zərbələr alır. Düzdür, dünən də hakimlər qonaqlara qarşı daha rəğbətli idi. Amma “Zirə” daha güclü idi və layiq olduğu qələbəni qazanmasına VAR-da əyləşən, “Araz-Naxçıvan”ın az qala ştatlı hakiminə çevrilən Cavid Cəlilov da mane ola bilmədi.
“Zirə” qələbə sayəsində “Turan Tovuz”u da ötdü. Amma qərblilər bu gün 3 xal qazansa, nəinki 3-cü pilləyə qayıdacaq, hətta “Araz-Naxçıvan”la aradakı fərqi də azaldacaq.
Günün dgər matçında da güclü olan qalib gəldi. “Səbail” Cavid Hüseynovun gəlişindən sonra ilk qollarını vurub qalib gəldi. Bu, “dənizçilər”ə son pillədən qurtulmaq imkanı verdi. Amma qonaqlar buna görə bir az da “Sumqayıt”a minnətdar olmalıdır. Komandanın qış hazırlığını bərbad keçdiyi dəqiqdir. “Kimyaçılar”ın fiziki hazırlığının qaydasında olmadığı göz deşirdi. Görünür, Vaqif Cavadov müvəqqəti statusundan çıxıb baş məşqçi olunca işə yanaşması dəyişib.
“Sumqayıt”ın belə bərbad oynamasının bir səbəbi də heyətdəki itkilərdir. Xüsusilə Cordan Rezabalanın yeri doldurulmayıb. Heyətin zəifləməsi özünü həm oyunda, həm də nəticədə göstərdi. Cavadovun yetirmələrini bir neçə turdan sonra autsayder kimi görsək, təəccüblənməməliyik.
Rəhbərlik əsas oyunçuları yola salıb, əvəzində komandanı gücləndirmək yaddan çıxıb. Azarkeşlər də bunun fərqindədir. Təsadüfi deyil, autsayderə ev məğlubiyyətindən sonra klubu unudub menecerlik edən, əsas oyunçuları klub yox, özünə pul qazandırmaq üçün satan rəhbərlik istefaya çağırıldı.
2025 maraqlı başlayıb. İlk turun arxada qalan oyunları göstərdi ki, qarşıda bizi daha kəskin mübarizə gözləyir. Həm avrokubok vəsiqə uğrunda, həm də Premyer Liqada qalmaq üçün əsl döyüş izləyəcəyik.
FƏRİD