Misli Premyer Liqasında qış fasiləsi başa çatdı. Mövsümün ikinci yarısına 19-cu turun oyunları ilə start verildi. Fasilədən sonrakı ilk turda qapılara 17 qol vuruldu. Tur daha çox autsayderlərin qələbələri ilə əlamətdar oldu.
Liderə qarşı əzmkarlıq, yeni transferdən avtoqol
“Şamaxı”nı qəbul edən “Qarabağ”ın əslində rahat qələbə qazanacağı ehtimal edilirdi. Düzdür, Ağdam klubu qış fasiləsində heyətlə bağlı ciddi itki ilə üzləşdi. Komandanın əsas “qol silahı” Olavio Juninyo Braziliyanın “Flamenqo” klubuna keçdi. Lakin “köhlən atlılar”la müqayisədə “Şamaxı”da heyətlə bağlı daha çox dəyişiklik baş verdi. Bu mənada, Ayxan Abbasovun komandasının fasilədən sonrakı ilk matçda liderə ciddi müqavimət göstərəcəyinə inam az idi. Lakin “Şamaxı” bunu bacardı.
Qarşılaşma erkən qolla başladı. Artıq 4-cü dəqiqədə “Qarabağ” hesabı açdı. Emmanuel Addai rəqib qapıçı ilə üzbəüz epizodda fürsəti qaçırsa da, topa özünü çatdıran Nəriman Axundzadə adını tabloya yazdırdı. Lakin meydan sahiblərinin üstünlüyü cəmi 10 dəqiqə çəkdi. “Şamaxı”nın qurduğu baxımlı kombinasiyanı Belajdi Pusi dəqiq zərbə ilə tamamladı.
Fasiləyədək azarkeşlər hər iki komandanın ifasında daha 1 qol gördülər. Əvvəlcə Toral Bayramovun sol cinahdan hava ötürməsini Aleksey Kaşuk başla qola çevirərək “Qarabağ”ı yenidən hesabda önə çıxartdı. Lakin bu dəfə də ağdamlıların hesabdakı üstünlüyü cəmi 10 dəqiqə çəkdi. Pusinin yaxın məsafədən zərbəsini “Qarabağ”ın qapıçısı Şahrudin Məhəmmədəliyev dəf etsə də, qayıdan topu Brahim Konate qapıdan keçirdi – 2:2.
Hesabdan və oyundan razı qalmayan “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov fasilədə ilk əvəzetməyə əl ataraq, Leandro Andradenin əvəzinə Abdullah Zubiri meydana buraxdı. İkinci hissənin gedişində isə Elvin Cəfərquliyev, Musa Qurbanlı, Patrik Andrade və Marko Veşoviç də oyuna qoşuldu. Ağdam klubu axtardığı qələbə qolunu 72-ci dəqiqədə tapdı. Kaşukun Musaya ötürməsinə ayaq qoyan “Şamaxı”nın müdafiəçisi Cəlal Hüseynov avtoqol müəllifi oldu. Bununla da “Qarabağ” mövsümün ikinci yarısına qalibiyyətlə başladı.
Yenə 4-cü dəqiqə, bu dəfə tək qol
Çempionatın ilk yarısını yaxşı keçirən “Araz-Naxçıvan” bu tur “Zirə”nin qonağı oldu. Açılış matçı kimi, bu görüşün də 4-cü dəqiqəsində hesab açıldı. İsmayıl İbrahimli qapıçının qaytardığı topu dəqiq zərbə ilə tora qovuşdurdu.
İlk hissənin əvvəli “Zirə”nin üstünlüyü şəraitində keçsə də, dəqiqələr keçdikcə qonaqlar oyunu bərabərləşdirdilər. Hesabı da bərabərləşdirmək istəyən Naxçıvan klubu fasiləyədək bir neçə təhlükəli hücum qursa da, istəyinə çatmadı.
Fasilədən sonra azarkeşlər hər iki komandanın ifasında xeyli sayda hücuma şahidlik etdilər. “Araz-Naxçıvan” məğlubiyyətdən xilas olmaq, “Zirə” isə ikinci qolu vuraraq üstünlüyünü möhkəmləndirmək niyyətində idi. Ancaq görüşdə başqa qol olmadı və ikinci pillənin sakini “Araz-Naxçıvan” çempionatın ikinci yarısına məğlubiyyətlə başladı. “Zirə” isə vacib qələbə sayəsində 3-cü pilləyə yüksəldi. Bunda “Turan Tovuz”un xal itkisi də rol oynadı.
Sumqayıtda Rüfət şousu
Turun sensasiyasından biri Sumqayıtda qeydə alındı. Sonuncu pillədə qərarlaşan “Səbail” “kimyaçılar”la səfər görüşündən 3 xalla qayıdaraq mövsümün ikinci hissəsinə uğurlu başladı. Bakılıların heyətində ən diqqətçəkən məqamlardan biri qapı xəttindəki dəyişiklik idi. Belə ki, baş məşqçi Cavid Hüseynov çərçivəni komandanın əsas qolkiperi hesab olunan Hüseynəli Quliyevə deyil, Əlirza Müştəbazadəyə tapşırmışdı.
Matça daha həvəsli başlayan “Səbail” ilk dəqiqələrdən üstünlüyü ələ keçirdi. Fasiləyədək qonaqlar bir neçə dəfə hesabı açmağa yaxın oldular. Ancaq “Sumqayıt”ın qapıçısı Mehdi Cənnətov yaxşı oynayaraq, ilk hissədə tablodakı rəqəmin dəyişməsinə imkan vermədi.
Buna baxmayaraq, “Səbail” ikinci hissəyə qolla başlaya bildi. 48-ci dəqiqədə qonaqların qurduğu kombinasiyalı hücumun yekununda Rüfət Abdullazadə yaxın məsafədən fərqlənərək, komandasını hesabda önə keçirdi.
Bundan sonra “yuxudan ayılan” “Sumqayıt” xoşbəxtliyi rəqib qapısı önündə axtarmağa başladı. Ancaq qurulan təhlükəli hücumları məntiqi sonluğa çatdırmaq mümkün olmadı. Meydan sahiblərinin təzyiqindən yaxşı çıxan “Səbail” ikinci qolu vurmaq üçün yenidən irəli atıldı. Epizodların birində Rüfət Abdullazadə topu boş qapıdan keçirə bilmədi. Rüfət günahını 79-cu dəqiqədə baxımlı qol vurmaqla və dubl etməklə yudu. O, cərimə meydançası daxilindən sol ayağı ilə uzaq “doqquzluğu” dəqiq nişan aldı.
Son dəqiqələrdə Murad Xaçayev hesab arasındakı fərqi azalda bilərdi. Lakin onun uzaq məsafədən vurduğu qüvvətli zərbəni “Səbail”in qapıçısı Əlirza əla qurtarışla dəf etdi. Beləliklə, “Səbail” mövsümün ikinci hissəsinə qələbə ilə başlayaraq, sensasiyaya imza atmağı bacardı.
Qərb derbisində 7 qol və fərqli qalib
Turun gözlənilməz nəticələrindən digəri Qərb derbisində qeydə alındı. Əvvəlki iki dövrədə “Turan Tovuz”a məğlub olan “Kəpəz” bu dəfə meydana revanş almaq üçün çıxmışdı. Tovuzlular isə derbidə xal itkisinə imkan verməmək niyyətində idilər.
Qarşılaşma həddən artıq maraqlı alındı. Qış fasiləsində “Kəpəz”dən “Turan Tovuz”a keçən Orxan Əliyev sabiq komandasına qarşı matça əsas heyətdə çıxmışdı.
Bu görüşdə də erkən qol vuruldu. Artıq 5-ci dəqiqədə tovuzluların kapitanı Kristian da Silva cərimə meydançası daxilindən sol ayağı ilə yaxın küncə dəqiq zərbə endirdi. Bundan sonra düşünmək olardı ki, cari mövsümün əvvəlki oyunları kimi, bu görüş də “Turan Tovuz”un qələbəsi ilə nəticələnəcək. Ancaq “Kəpəz” proqnozları alt-üst etdi. Belə ki, Tovuz təmsilçisinin hesabdakı üstünlüyü cəmi 12 dəqiqə çəkdi. 17-ci dəqiqədə cərimə zərbəsindən baxımlı qola imza atan Turan Manafov tablodakı rəqəmləri bərabərləşdirdi.
35-ci dəqiqədə “Turan Tovuz” yenidən hesabda önə keçdi. Tovuzluların digər yeni transferi Rəhim Sadıxov cərimə meydançası daxilində topu qəbul etdikdən sonra dönüb qapıya dəqiq zərbə endirdi. Lakin “Kəpəz” fasiləyədək bu qolun da əvəzini çıxmağı bacardı. Rauf Hüseynlinin cərimə zərbəsindən ötürməsini Yeqor Xvalko dəqiq baş zərbəsi ilə qapıdan keçirdi.
Maraqlı mübarizə şəraitində keçən qarşılaşmanın ikinci hissəsində daha 3 qol vuruldu. Ancaq bu dəfə azarkeşlər qarşılıqlı qollara deyil, bir komandanın solo ifasına şahidlik etdilər. Əvvəlcə 55-ci dəqiqədə gəncəlilər penalti vurmaq hüququ qazandılar. Lakin sabiq “Turan Tovuz”lu Luis Paçunun zərbəsini qapıçı İvan Konovalov dəf etdi. Ancaq cəmi 1 dəqiqə sonra Konovalov da komandasını qoldan xilas edə bilmədi. Turan Manafovun cərimə zərbəsindən göndərdiyi top heç kimə toxunmayaraq qapıdan keçdi. Onun ötürməyəbənzər zərbəsi qarşısında “Turan Tovuz”un qapıçısı heç nə edə bilmədi.
Bundan daha da ruhlanan “Kəpəz” matçın final fitinədək daha iki dəfə rəqib qapısına yol tapdı. Əvvəlcə Mahamadu Banın iti bucaq altında qüvətli zərbəsi qarşısıalınmaz oldu. Oyunda son nöqtəni isə 90+2-ci dəqiqədə əks-hücum zamanı rəqib qapıçı ilə üzbəüz qalan Karim Lkoça qoydu. Beləliklə, “Kəpəz” böyükhesablı qələbə sayəsində həm revanş aldı, həm də mövsümün ikinci yarısına uğurlu start verdi.
Bakılıların duelində 1:1 və hərəyə 1 xal
Tura paytaxt derbisi ilə yekun vuruldu. Sezonun ilk yarısını uğursuz keçirən “Neftçi” qış fasiləsinə 5-ci pillədə yollanan “Sabah”ı qəbul etdi.
Matça meydan sahibləri daha istəkli başladılar. İlk dəqiqələrdə daha aktiv olan “Neftçi” təhlükəli hücumlar qursa da, istəyinə çatmadı. Dəqiqələr keçdikcə “Sabah” oyunu bərabərləşdirdi və rəqib qapısı önündə təhlükə yaratmağa başladı. Lakin fasiləyədək azarkeşlər matçda qol görmədilər.
İkinci hissə daha maraqlı keçdi. 51-ci dəqiqədə “Neftçi”nin hücumçusu Boqomolski rəqib qapıçı ilə üzbəüz qalsa da, əlverişli fürsəti qola çevirə bilmədi. “Sabah”ın cavab həmləsində isə Con İrasabalın başla zərbəsində dəqiqlik çatışmadı. Növbəti epizodda qonaqların futbolçusu Neqoş Kupusoviçin zərbəsinə “Neftçi”nin qapıçısı Emil Balayev yaxşı reaksiya göstərdi.
Nəhayət, 77-ci dəqiqədə hesab açıldı. Topu qapıdan keçirən “Neftçi”nin üzvü, sevinən isə “Sabah” oldu. Belə ki, Boyan Letiçin zərbəsini Balayev dəf etsə də, Azər Salahlının topa tərs toxunuşu avtoqolla nəticələndi. Lakin qonaqların üstünlüyü cəmi 2 dəqiqə çəkdi. Oyuna sonradan daxil olan Murad Məmmədovun reydi və ötürməsindən sonra cərimə meydançasında qərarlaşan Andrey Ştoqrin sol ayağı ilə topu uzaq küncə göndərdi – 1:1. Bu qol həm də yekun hesabı müəyyənləşdirdi və tərəflər meydanı hərəyə 1 xalla tərk etdilər.
CAVAD