“Kəpəz”in baş məşqçisi Azər Bağırovun futbolinfo.az saytına müsahibəsi
– Qış fasiləsindən maksimum yararlana bildinizmi? Hazırlıq müddətində əsas hansı komponentlərin üzərində çalışdınız?
– İlk günlərdə nisbi yükləmələrimiz oldu. Ondan sonra, demək olar ki, taktiki hazırlıq üzərində çalışdıq. Qış fasiləsindən necə yararlandığımızı, nə qədər hazırlıqlı olduğumuzu zaman göstərəcək. Çünki çempionat uzun marafondur, üstəlik, kubok oyunlarımız var. Komandanın bu görüşlərdə nə qədər tab gətirəcəyi matçlardan sonra məlum olacaq. Amma fasilədən sonrakı ilk qarşılaşmada futbolçularımız yaxşı oyun dəst-xətti göstərə bildilər. İnanıram ki, çempionatın sonunadək belə davam edəcək.
– Fasilədən sonra keçirdiyiniz ilk matçda “Turan Tovuz” üzərində böyükhesablı (5:2) qələbə qazandınız. Mövsümün ikinci yarısına bu cür uğurlu start verəcəyinizi təxmin etmişdiniz?
– Düzü, belə təxminimiz yox idi. Sadəcə, rəqibin heyətində 2-3 əsas müdafiəçinin olmayacağını nəzərə almışdıq. Bunu lazımınca dəyərləndirmək istəyirdik. Uşaqlar dediklərimizi maksimum dərəcədə meydanda icra etməyə çalışdılar.
– Cari mövsümün əvvəlki iki dövrəsində “Turan Tovuz”a uduzmuşdunuz. Futbolçuları budəfəki oyuna motivasiya edərkən bu məqam, revanş hissi həlledici rol oynadımı?
– Əslində, elə hisslər yox idi. Hər dəfə söylədiyim bir şey var idi ki, daha az səhv edib, oyuna daha motivasiyalı yanaşmalıyıq. Uşaqlar sağ olsunlar, bu görüşü ruh yüksəkliyi ilə keçirdilər.
– Yəqin ki, bir gün əvvəl “Səbail”in Sumqayıt səfərindən 3 xalla qayıtması futbolçularınızın motivasiyasını daha da artırmışdı…
– Həmin oyunu bütün futbolçularımız izləmişdilər. O görüşün 3-5 faiz təsiri ola bilər. Uşaqlara hansısa rəqibin matçlarını diqqətdə saxlamağı yox, daha çox öz oyunumuza fikir verməyi tapşırmışıq. İrəli baxmaq lazımdır. Turdan-tura oyunumuzu yaxşılaşdıraraq xallar qazanmalıyıq.
– Fasilə müddətində komandanızdan ayrılan və yeni gələn futbolçular oldu. Bu dəyişikliklər haqda nə deyə bilərsiniz?
– Ayrılan futbolçuların gedişi komandamıza bir o qədər də təsir etməyəcək. İnşallah, “Kəpəz” daha yaxşı performans göstərəcək. Əlbəttə, yeni gələn futbolçularımız adaptasiya müddətini keçməlidirlər. Ancaq birinci oyuna görə Rati Ardazişvili qənaətbəxş çıxış etdi. Növbəti oyunlarımızda digər yeni transferimizi də yoxlayacağıq. İndiki məqamda onlar haqqında fikirlərimiz pozitivdir.
– Növbəti turda çempionatda qalmaq uğrunda mübarizədə əsas rəqibiniz olan “Səbail”lə üz-üzə gələcəksiniz. Bu oyunu “6 xallıq” matç da adlandırmaq olar. Paytaxt səfərindən istədiyiniz nəticə ilə qayıda biləcəksiniz?
– Hər şeyi zaman göstərəcək. Əlbəttə, uşaqlar bu oyuna daha da yaxşı hazırlaşacaqlar. Çünki “Səbail” turnir cədvəlində əsas rəqibimizdir və dediyiniz kimi, bu görüş “6 xallıq” matç olacaq.
– Mövsümün ikinci yarısında hədəfiniz hazırkı mövqeyinizi və Premyer Liqadakı yerinizi qorumaqdır, yoxsa turnir cədvəlində yuxarı pillələrə qalxmağı qarşınıza məqsəd qoymusunuz?
– Hədəfimiz turdan-tura oyunumuzu yaxşılaşdırmaq, azarkeşlərimizi qələbələrlə sevindirmək və təbii ki, turnir cədvəlindəki mövqeyimizi sığortalamaqdır.
CAVAD