Misli Premyer Liqasının 2024-25 mövsümündə ilk dəfə bir turda 1-dən çox avtoqol qeydə alınıb.
Futbolinfo.az saytının məlumatına görə, 19-cu turda qapılara vurulan 17 qoldan 2-si avtoqol olub.
“Qarabağ”ın “Şamaxı” ilə görüşündə qələbə qolunun müəllifi rəqibin müdafiəçisi Cəlal Hüseynov olub. Millinin üzvü 72-ci dəqiqədə topu öz qapısına göndərməklə komandasının 2:3 hesablı məğlubiyyətinə səbəb olub. “Neftçi”nin müdafiəçisi Azər Salahlı isə “Sabah”la matçın 77-ci dəqiqəsində hesabı açaraq rəqibi sevindirib. Nəticədə qarşılaşma heç-heçə (1:1) yekunlaşıb.
Beləliklə, mövsümdə vurulan avtoqol sayı 5-ə çatıb. Buna qədər VII, XII və XIII turların hərəsində 1 avtoqol qeydə alınmışdı.
Digər maraqlı məqam “Kəpəz”in hücumçusu Luis Paçunun mövsümdə ikinci dəfə penaltini qola çevirə bilməməsi olub. Braziliyalı forvard XV turda “Şamaxı” (1:0) ilə matçda da onbirmetrlik zərbəni məntiqi sonluğa çatdıra bilməmişdi. O, son olaraq “Turan Tovuz”la (5:2) görüşdə qapıçı səddinə ilişib. Maraqlıdır ki, hər iki görüşdə “Kəpəz” rəqibinə qalib gəlməyi bacarıb.
Paçuya qədər yalnız onun “Turan Tovuz”dakı həmyerlisi Kristian da Silva 2 dəfə penaltidən düzgün yararlana bilməyib. O, XI turda “Kəpəz”lə (2:1), XIII turda isə “Səbail”lə (1:1) oyunda onbirmetrlik zərbədən fərqlənə bilməyib.
Qeyd edək ki, cari mövsüm “Turan Tovuz”dan Otto Con (“Qarabağ”la oyunda – 1:0), “Sabah”da Cesse Sekidika (“Neftçi” ilə oyunda – 0:0) və “Səbail”də Fərid Nəbiyev (“Sumqayıt”la oyunda – 0:1) də hərəyə bir dəfə penaltini qolla tamamlaya bilməyiblər.