“Neftçi”nin futbolçusu Yuri Matias Rumıniya mətbuatına müsahibə verib. 30 yaşlı braziliyalı mərkəz müdafiəçisi Avropa Liqası çərçivəsində keçirilək “Qarabağ” – FCSB matçını dəyərləndirib.

Vaxtilə Rumıniyada “Gaz Metan Mediaș” (2020-2022) və “ÇFR Kluj” (2022-2023) klublarında çıxış edən Matias Azərbaycan çempionunu şanslı sayıb: “FCSB üçün çox çətin matç olacağını deyirəm. “Qarabağ” normal səviyyədə oynasa, FCSB-nin heç-heçə əldə etməsi çətin olacaq. FCSB də Avropada yaxşı çıxış edir və sürprizlər edən komandadır, amma bilməlidirlər ki, burada onlar üçün çox çətin olacaq”.

Yuri ölkəmizdən məmnundur: “Mən buranı çox bəyənirəm. Bakı çox, çox gözəl şəhərdir. Sakitlikdəsən, təhlükəsizsən. Hər şey mükəmməldir”.

Matias “Qarabağ”ın Azərbaycan üçün rolundan danışıb: “Son 10 ildə Avropada yaxşı çıxış edən komandadır və bu, ölkənin digər klublarına da stimul verir. Azərbaycanın ən tarixi və ən böyük klubu isə “Neftçi”dir, lakin son 10 ildə “Qarabağ” dominantlıq edir. Çox möhkəm komandadır. Bir çox futbolçu 5-6 ildir bir yerdədir. Onların 17 ildir eyni məşqçisi var və bütün oyunçular meydana kimin girməsindən asılı olmayaraq, nə etməli olduqlarını bilirlər. Onlar çoxlu şanslar yaradır, topa sahib olmağı xoşlayırlar. Heç nədən qol imkanları yarada bilirlər. Ən təhlükəli oyunçu artıq gedib, amma komandada yaxşı futbolçular çoxdur. Zubir çox yaxşıdır, Romao və Yankoviç də komandada mühüm rol oynayırlar. Juninyo çempionatın ən yaxşı oyunçusu idi. Daha onu saxlaya bilmədilər. Onun üçün “Flamenqo”dan 5 milyon avro aldılar. Amma “Qarabağ”a həmişə futbolçularla bağlı təkliflər olur. Klublar futbolçular üçün 2-3 milyon avroluq təklifləri rədd edir. Klubun yaxşı maliyyəsi və çox yaxşı strategiyası var”.

Matias “Qarabağ”ı müqayisə edib: “Rumıniyanın heç bir klubu orta hesabla belə maaş təklif etmir. “Qarabağ”da orada təklif olunanlardan daha çox qazanırlar. “Qarabağ” Rumıniyada oynasa, 200% titul uğrunda mübarizə apararlar. Keçən mövsüm ikinci yerdən 25 xal fərqlə çempion oldular. Baxmayaraq ki, bu matçların yarısında ehtiyatdakı futbolçularla oynayıblar. Onların çox balanslı heyəti var və məşqçi tez-tez bütün komandanı dəyişir”.

Mərkəz müdafiəçisi “Neftçi”də vəziyyət barədə də danışıb: “Təəssüf ki, komanda bizim istədiyimiz yerdə deyil. “Neftçi” Azərbaycanın ən sevimli klubudur, uğur yoxdursa, insanların narazı qalması normaldır. Çalışırıq ki, komandanı əvvəlki vəziyyətinə qaytaraq. İndi “Neftçi”yə son titulunu qazandıran məşqçi gəlib. Adrian Mutudan sonra Monteneqro və Ukraynadan məşqçilərimiz olub. Şəxsən mən bütün matçlarda start heyətdə çıxış etdiyim üçün razıyam. Yalnız zədələndiyim zaman oyunları buraxıram, heç vaxt əvəzedici olmamışam. İndi iyuna qədər müqaviləm var və müddətin uzadılması ilə bağlı təklifi gözləyirəm”.

Shares: