“Azərbaycana ilk səfərim idi. Ölkə futbolunda şərtlər nədir, hazırkı durumda hansı problemlər mövcuddur – onları gördük”. Bu sözləri futbolinfo.az saytına açıqlamasında Türkiyə millisinin sabiq oyunçusu, “Antalyaspor”un keçmiş baş məşqçisi Fatih Tekke deyib.

Mütəxəssis Azərbaycana səfərindən danışıb: “Hansı problemlərin olduğuna baxdıq. Düzdür, çox şey görə bilmədik, çünki Bakıdan kənara çıxmadıq. Meydançalarla bağlı vəziyyəti analiz etdik, fikirlərimizi bildirdik. Həmçinin Azərbaycan futbolunda olan problemlərdən çıxış yolları ilə bağlı müzakirələr apardıq. Dünya futbolunun harada olması ilə bağlı, hansı səviyyədə olması ilə bağlı danışdıq. Gözəl yeməklər yedik. Çox gözəl qarşıladılar. Bakı da gözəl şəhərdir. Oradan xoş duyğularla ayrıldıq”.

Tekke AFFA prezidenti Rövşən Nəcəflə görüşdüklərini bildirib: “Bütün müzakirələri onunla apardıq. Dəyərli dostlarımızla birlikdə idik. SOCAR-a, idarəçilərə təşəkkür edirəm”.

Türkiyəli məşqçi AFFA tərəfindən onlara bir layihə təklif olunduğunu, lakin bu layihədə yer ala bilməyəcəklərini də açıqlayıb: “Bizə bir layihə təklif olundu. Biz də onlara hazırkı durumda sadəcə, kənardan dəstək ola biləcəyimi bildirdik. Başqa hər hansı təklif almağımızla bağlı xəbərlər doğru deyil”.

Xatırladaq ki, ötən günlərdə Tekke ilə yanaşı, Türkiyənin U-21 millisinin keçmiş baş məşqçisi Tolunay Kafkas və qapıçı məşqçisi Metin Aktaşın Azərbaycana səfər edib. Onların Bakıda olduqları müddətdə “Liv Bona Dea Arena” və Milli Komandaların Təlim-Məşq Mərkəzində olması isə məhz aşağı yaş qrupundan olan millilərimizə mümkün təyinatları barədə söhbətlərə səbəb olub.

ABBAS

Shares: