UEFA Avropa Liqasının püşkü atılanda əksəriyyətimiz elə düşündük ki, “Qarabağ” ən pis halda 24-cü yeri tutub növbəti mərhələyə vəsiqə qazana biləcək. Ötən mövsümdə xüsuslə “Bayer”ə qarşı oyunlar azarkeşlərə ümid vermişdi.

Təəssüf ki, bəzi oyunlarda komandamız üstün oynadığı halda meydanı xalsız tərk etdi. Nəticədə ilk 6 oyunun 5-də “köhlən atlar” uduzdu. Doğrudur, “Qarabağ”ın şanslarının üstündən tamamilə xətt çəkilməyib. Amma sona 2 tur qalmış 24-cü sırada qərarlaşan “Elfsborq”dan 4 xal geridə olmağımız nikbinliyə əsas vermir.  “Qarabağ”la “Elfsborq” arasında isə 8 komanda var. Son iki turda bu qədər komandanın uğursuzluqla üzləşəcəyi inandırıcı görünmür. Hələ belə vəziyyətdə yuxarıda qərarlaşan komandalar da büdrəməlidir.

İstənilən halda,  “Qarabağ” sona qədər mübarizə aparmalıdır. Bu mövsüm əsas mərhələdə evdə keçirdiyi 3 görüşün hamısında uduzan komandamız nəhayət ki, “şeytanın qıçını sındırmağı” bacarmalıdır.

Püşk atılarkən evdə oynayacağımız 4 rəqibdən ən zəifinin FCSB olduğunu düşünürdük. Keçmiş adı “Styaua” olan, 1986-cı ildə Çempionlar Kubokunu qazanan bu klubun əvvəlki illərindən çox zəif olduğunu xatırlatmağa ehtiyac yoxdur. Son illər ümumiyyətlə, Rumıniyada klub futbolu eniş dövrünü yaşayır. Maliyyə probleminə görə bu ölkənin komandaları avrokuboklarda uğurlu çıxış edə bilmirlər. Amma 44 yaşlı kiprli mütəxəssis Elias Xaralambusun komandası keçirdiyi 6 oyunda 3 qələbə, 2 heç-heçə və 1 məğlubiyyətlə 10-cu sırada qərarlaşmaqla bütün Avropanı təəccübləndirdi. Bizim komanda cəmi 1 qələbə qazandığı halda, onlar 1 dəfə uduzub. Təsəvvür edin ki, 1/8 finala vəsiqə verən 8-ci yerdə qərarlaşan komanda ilə eyni xal toplayıblar.

FCSB çox möhkəm komandadır. Təsəvvür edin ki, 3-cü yerdə gedən “Anderlext” 6, rumınlar 5 qol buraxıb.

Keçmişin “Styaua”sını bir kənara qoyub, bu ilin FSCB-sini təhlil etmək yerinə düşər. Komandamız onların qarşısını almaq üçün nə etməlidir?

ultimele stiri - Futbolinfo.az

Əvvəlcə onu qeyd edək ki,  “qırmızı-göylər” doğma meydanda keçirdiyi 3 oyunda RFŞ-i 4:1,  “Mityulland”ı 2:0 hesabı ilə məğlub edib “Olimpiakos”la qolsuz bərabərliyə razılaşıblar. Səfərdə PAOK-dan 1:0 üstün olduqları halda, “Hoffenhaym”la görüşdə də nə qol vurublar, nə də qapılarında top görüblər. Rəqib meydanında yeganə məğlub olduqları oyun isə “Reyncers”ə qarşı reallaşıb – 0:4.

Etiraf edək ki, “Qarabağ” bu müddət ərzində daha çətin komandalarla qarşılaşıb. Amma yenə də Almaniyada “Hoffenhaym”dan qol buraxmayıblarsa, deməli, haqqlarını vermək lazımdır.  Ümumiyyətlə, 6 görüşün 4-də qol buraxmamaları müdafiədə etibarlı oynamalarından xəbər verir. Ona görə Bakıda da “zəli” kimi oynayacaqlar.

Heyətlərinə nəzər saldıqda, 29 oyunçudan 8-nin legioner olduğunu görərik. Doğrudur, rumınlar heç vaxt klublarını xalis legionerlərdən qurmayıblar. Amma bu qədər az legioner həm də maliyyə problemləri ilə əlaqəlidir. Legionerlərin heç də hamısı əsas heyətin üzvü deyil. Təsəvvür edin ki, “Hoffenhaym”a qarşı səfər görüşündə meydana çıxan 11 oyunçudan 9-u rumın idi. “Olimpiakos”la oyunda isə meydanda cəmi 3 legioner var idi.

Son iki matçda 0:0 hesablı nəticəyə razılaşan FCSB Bakıda da əsas məqsədininin qapısını toxunulmaz saxlamaq olacaq. Ona görə də döyüşkən xarakterli rumınlar yenə də start heyətində bolluq təşkil edəcək.

Xaralambus əsasən 4-2-3-1 taktikasına üstünlük verir. Qapıda ara-sıra Rumıniya millisinə də dəvət alan Ştefan Tarnovanu qərarlaşıb. 197 sm boya malik 24 yaşlı qapıçı sabit çıxışı ilə diqqət çəkir.

FCSB vs Rigas FS prediction - Futbolinfo.az

Müdafiənin cinahları keçid verməyən oyunçulardan ibarədir. Sağ cinahda qərarlaşan 36 yaşlı Valentin Kretu irəliyə çox şığımasa da, öz zonasını yaxşı bağlayır. Sol cinahda isə Veşoviçlə Yankoviçin Monteneqro millisindəki komanda yoldaşı 32 yaşlı Risto Radunoviç qərarlaşıb. 2017-ci ildən Rumıniya çempionatında çıxış edən bu futbolçu da əsasən müdafiə özəllikləri ilə seçilir. Müdafiənin dayağı isə 31 yaşlı Mihal Popeskudur. Heç vaxt Rumıniya millisinin heyətində meydana çıxmayan bu futbolçu iki illik Şotlandiya (“Harts” və “Hamilton”)  karyerası ilə diqqət çəkib. Onun yanında isə Cənubi Afrika millisinin arxa xətt oyunçusu Siyabonqa Nqezana yer alıb. Müəyyən zamanlarda Nqezananı Kamerun millisinin müdafiəçisi Yoyskim Dava əvəzləyir. Bu iki afrikalının qeyri-adi özəllikləri olmasa da, döyüşkənlikləri ilə gözə girir.

FCSB-nin müdafiəsinə çox gücün düşməməsinin əsas səbəbkarları dayaq yarımmüdafiəçiləri Vlad Kirikeşlə Adrian Şutdur. Hər iki rumıniyalı futbolçu hazırda bu komandanın “onurğa sütunu” sayılır.  İtaliya A Seriyasını yaxından izləyənlərə Kirikeşi tanıtmağa ehtiyac yoxdur. 35 yaşlı orta xətt oyunçusu 5 il “Napoli”, 3 il “Sassuolo”, 1 il də “Kremoneze”də top qovub. Qol vurmaqla arası olmasa da, top almaq və komanda yoldaşlarını hücuma qoşmaqda əsl ustadır. Komandanın 25 yaşlı vitse-kapitanı Adrian Şut dağıdıcı funksiyaları ilə seçilsə də, qol vurmaq qabiliyyəti var. Yaxşı mövqe seçir və əla zərbələri var.

Hücum qurmağa isə Florin Tanase, David Mikulesku və kapitan Darius Olaru cavabdehdir. Bu “trio” arasında anlaşma səviyyəsi çox yüksəkdir. Onları mümkün qədər pressinqdə saxlamaq lazımdır. Hücumun sivri ucunda isə ötən yay “ÇFR Kluj”dan aldıqları Daniel Birligeanı gözdən kənarda qoymaq olmaz. Məhsuldarlığı ilə diqqət çəkən bu futbolçunu ani diqqətsizlik nəticəsində gözdən qaçırsaq, səhvimizi bağışlamayacaq.

Bir sözlə, Juninyosuz çıxacağımız oyunda komandamız müdafiədə etibarlı oynamaqla yanaşı, rəqibin sıx müdafiə xəttini yarmağı bacarmalıdır. Fərdi keyfiyyətləri olmasa da, komanda oyunu ilə yadda qalan FSCB-ni Bakıda məğlub etmək üçün çox əziyyət çəkməliyik. Bu görüşdə xal itkisi artıq “Qarabağ”ın növbəti mərhələyə vəsiqə şansının üstündən tamamilə xətt çəkəcək.

421091457 0 206 2048 1365 2072x0 60 0 0 791021693f8587ea5f240e65c4cba34e - Futbolinfo.az

Azərbaycanla Rumıniya klubları arasında avrokubok oyunları:

22.07.1998. Piteşti, Rumıniya. UEFA Kuboku. Arceş Piteşti – Dinamo Bakı 5:1

29.07.1998. Bakı, Azərbaycan. UEFA Kuboku. Dinamo Bakı – Arceş Piteşti 0:2

19.07.2008. Bakı, Azərbaycan. UEFA Kuboku. Neftçi Bakı – Vasluy 2:1

26.07.2008. Vasluy, Rumıniya. UEFA Kuboku. Vasluy – Neftçi Bakı 2:0

13.07.2017. Curcu, Rumıniya. UEFA Avropa Liqası. Astra – Zirə 3:1

20.07.2017. Bakı, Azərbaycan. UEFA Avropa Liqası. Zirə – Astra 0:0

11.07.2019. Bakı, Azərbaycan. UEFA Avropa Liqası. Səbail – Universitatya Krayova 2:3

18.07.2019. Krayova, Rumıniya. UEFA Avropa Liqası. Universitatya Krayova – Səbail 3:2

FƏRİD

Shares: