UEFA Avropa Liqasının 7-ci turunda bu gün “Qarabağ”ın qonağı olacaq FCSB-də maraqlı hadisə baş verib.

Futbolinfo.az saytı Rumıniya mətbuatına istinadən xəbər verir ki, bir həftə əvvəl komandadan ayrılan hücumçu Daniel Popa geri qayıdıb.

Klubun sahibi Gigi Becali ötən həftə onunla müqaviləyə xitam verildiyini açıqlamışdı. Səbəb isə Becali ilə Popanın bəzi məsələlərdə fikir ayrılığı olub. Lakin gözlənilmədən “Qarabağ”la qarşılaşma öncəsi 29 yaşlı forvard Buxarest təmsilçisi ilə eyni şərtlər altında yenidən müqavilə imzalayıb. Rumıniyalı forvardın aylıq məvacibi 16 min avro təşkil edəcək və o, artıq məşqçilər korpusunun sərəncamındadır. Ona yer açmaq üçün Yonut Pantiru və Villiam Baeten iştirak ərizəsindən çıxarılıblar.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – FCSB görüşü saat 21:45-də başlayacaq.

Shares: