Macarıstan millisinin baş məşqçisi Marko Rossi iyunda İsveç və Azərbaycan yığmaları ilə keçiriləcək yoldaşlıq görüşləri barədə fikirlərini bölüşüb.

Futbolinfo.az xəbər verir ki, italiyalı mütəxəssis rəqib seçimini əsaslandırıb.

Onun fikrincə, bu matçlar DÇ-2026-nın seçmə mərhələsinə hazırlıq baxımından faydalı olacaq: “Dünya çempionatının seçmə mərhələsinə hazırlıq baxımından faydalı matçlar keçirə biləcəyimiz rəqiblərlə oynamaq istəyirdik. İsveç və Azərbaycanı da bu səbəbdən seçdik. Hər kəs İsveçin çox yaxşı komanda olduğunu bilir. Onlar Millətlər Liqasının B Liqasına yenicə yüksəliblər və beynəlxalq səviyyədə tanınmış bir neçə oyunçuya sahibdirlər. Onlar bir neçə oyun sistemi arasında çevik keçid edirlər. Lakin daha çox üç müdafiəçi ilə oynayırlar ki, bu da İrlandiya və Ermənistanla görüşlərə hazırlıq baxımından bizim üçün faydalıdır. Həmçinin Portuqaliya millisi də bu sistemdən istifadə edir. Azərbaycan yığması isə Ermənistanla eyni üslubda oynayır və eyni ustalıq səviyyəsindədirlər. Ona görə də Azərbaycanla qarşılaşma bizə Ermənistanla oyuna hazırlaşmağa kömək edəcək”.

Qeyd edək ki, iyunun 6-da “Puşkaş Arena”da İsveçi qəbul edəcək Macarıstan yığması 4 gün sonra millimizin qonağı olacaq.

Shares: