Çempionlar Liqasının Liqa mərhələsinin 7-ci turundan sonra bir neçə komandanın taleyinə aydınlıq gəlib. Son tur öncəsi yoluna davam edənlərin, eləcə də mübarizəni dayandıranların sıraları genişlənib.
Hələlik yalnız iki komandanın 1/8 finala birbaşa vəsiqə qazandığı dəqiqdir. 100 faizlik nəticə göstərən “Liverpul”un ardınca Lissabonda əzmkar qələbə əldə edən “Barselona” da vəzifənin öhdəsindən gəlib. Hazırda turnir cədvəlinin ilk 8 pilləsində qərarlaşan komandalardan “Arsenal”la “İnter” uduzmadan eyni uğuru təkrarlaya bilər, digərləri ilə bağlı vəziyyət isə qarışıqdır.
“Arsenal”, “Aston Villa”, “Atalanta”, “Atletiko”, “Bayern”, “Bayer”, Dortmund “Borussiya”sı, “Brest”, “İnter”, “Lill”, “Milan”, “Monako”, “Real”, “Seltik”, “Feyenoord” və “Yuventus” ən azı pley-offda oynayacaq. Onlar ilk 8-liyə yüksəlmək imkanını saxlayır, eyni zamanda məğlubiyyət halında belə yarışı tərk etməyəcəklər.
Mübarizənin başa vuracaq komandaların sayı isə daha çoxdur. Son turun nəticələrindən asılı olmayaraq “Bolonya”, “Jirona”, “Zalsburq”, “Leypsiq”, “Slovan”, “Sparta”, “Srvena Zvezda”, “Şturm” və “Yanq Boyz” pley-off üzü görməyəcək. Bu komandalardan ikisi bütün matçlarda uduzub, qalanları isə 24-cü pillədən azı 5 xal geridədir.
Hazırda 25-ci yerdə olan “Mançester Siti”nin durumu hər nə qədər pis olsa da, taleyi öz əlindədir. “Şəhərlilər” son turda evdə “Brügge”ni mütləq məğlub etməlidir. Maraqlıdır ki, belçikalılar hətta uduzacağı halda da pley-offa yüksələ bilər.
Xatırladaq ki, Liqa mərhələsində 1-8-ci yeri tutanlar 1/8 finala, 9-24-cü yeri tutanlar isə pley-off mərhələsinə yüksəlir. Digərləri avrokuboklarla bu mövsümlük vidalaşır.